Site uses cookies to provide basic functionality.

OK
HOSEA
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next Toggle notes
Chapter 1
Hose Northern 1:1  Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.
Hose Northern 1:2  Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir».
Hose Northern 1:3  Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu.
Hose Northern 1:4  Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam.
Hose Northern 1:5  Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».
Hose Northern 1:6  Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam.
Hose Northern 1:7  Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».
Hose Northern 1:8  Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu.
Hose Northern 1:9  Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.
Hose Northern 1:10  Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək.
Hose Northern 1:11  Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq.