Site uses cookies to provide basic functionality.

OK
II CHRONICLES
Prev Up Next
Chapter 12
II C Northern 12:1  Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər.
II C Northern 12:2  Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi.
II C Northern 12:3  Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi.
II C Northern 12:4  O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.
II C Northern 12:5  Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”».
II C Northern 12:6  İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər.
II C Northern 12:7  Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək.
II C Northern 12:8  Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar».
II C Northern 12:9  Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü.
II C Northern 12:10  Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi.
II C Northern 12:11  Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.
II C Northern 12:12  Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.
II C Northern 12:13  Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi.
II C Northern 12:14  O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.
II C Northern 12:15  Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.
II C Northern 12:16  Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.