Site uses cookies to provide basic functionality.

OK
II KINGS
Prev Up Next
Chapter 5
II K Northern 5:1  Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi.
II K Northern 5:2  Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı.
II K Northern 5:3  O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi».
II K Northern 5:4  Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi.
II K Northern 5:5  Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi.
II K Northern 5:6  Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən».
II K Northern 5:7  İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır».
II K Northern 5:8  Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var».
II K Northern 5:9  Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı.
II K Northern 5:10  Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun».
II K Northern 5:11  Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adı ilə çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək.
II K Northern 5:12  Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi.
II K Northern 5:13  Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir».
II K Northern 5:14  Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu.
II K Northern 5:15  Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».
II K Northern 5:16  Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi.
II K Northern 5:17  Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.
II K Northern 5:18  Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın».
II K Northern 5:19  Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi.
II K Northern 5:20  Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam».
II K Northern 5:21  Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?»
II K Northern 5:22  Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”».
II K Northern 5:23  Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar.
II K Northern 5:24  Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər.
II K Northern 5:25  Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib».
II K Northern 5:26  Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı?
II K Northern 5:27  Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı.