Site uses cookies to provide basic functionality.

OK
II KINGS
Prev Up Next Toggle notes
Chapter 23
II K Northern 23:1  Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.
II K Northern 23:2  Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.
II K Northern 23:3  Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.
II K Northern 23:4  Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astanada keşik çəkənlərə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı.
II K Northern 23:5  O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi.
II K Northern 23:6  Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı.
II K Northern 23:7  Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular.
II K Northern 23:8  Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı.
II K Northern 23:9  Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər.
II K Northern 23:10  Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin.
II K Northern 23:11  O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı.
II K Northern 23:12  Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi.
II K Northern 23:13  Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi.
II K Northern 23:14  O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.
II K Northern 23:15  Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı.
II K Northern 23:16  Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi.
II K Northern 23:17  Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».
II K Northern 23:18  O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar.
II K Northern 23:19  Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi.
II K Northern 23:20  Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.
II K Northern 23:21  Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».
II K Northern 23:22  İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi.
II K Northern 23:23  Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.
II K Northern 23:24  Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi.
II K Northern 23:25  Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.
II K Northern 23:26  Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.
II K Northern 23:27  Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».
II K Northern 23:28  Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
II K Northern 23:29  Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü.
II K Northern 23:30  Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.
II K Northern 23:31  Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
II K Northern 23:32  O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
II K Northern 23:33  Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.
II K Northern 23:34  Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.
II K Northern 23:35  Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.
II K Northern 23:36  Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi.
II K Northern 23:37  O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.