Site uses cookies to provide basic functionality.

OK
NEHEMIAH
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Prev Up Next
Chapter 8
Nehe Northern 8:1  Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin.
Nehe Northern 8:2  Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi.
Nehe Northern 8:3  Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı.
Nehe Northern 8:4  İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı.
Nehe Northern 8:5  Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı.
Nehe Northern 8:6  Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar.
Nehe Northern 8:7  Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı.
Nehe Northern 8:8  Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.
Nehe Northern 8:9  Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı.
Nehe Northern 8:10  Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».
Nehe Northern 8:11  Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər.
Nehe Northern 8:12  Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.
Nehe Northern 8:13  Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı.
Nehe Northern 8:14  Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın».
Nehe Northern 8:15  Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin».
Nehe Northern 8:16  Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi.
Nehe Northern 8:17  Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu.
Nehe Northern 8:18  Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.