Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next Toggle notes
Chapter 9
Ezek Northern 9:1  Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim.
Ezek Northern 9:2  Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı.
Ezek Northern 9:3  İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb
Ezek Northern 9:4  ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy».
Ezek Northern 9:5  Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin.
Ezek Northern 9:6  Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı.
Ezek Northern 9:7  Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı.
Ezek Northern 9:8  Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?»
Ezek Northern 9:9  O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir.
Ezek Northern 9:10  Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».
Ezek Northern 9:11  Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi.