Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next Toggle notes
Chapter 3
Ezek Northern 3:1  O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə».
Ezek Northern 3:2  Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi.
Ezek Northern 3:3  Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu.
Ezek Northern 3:4  O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə.
Ezek Northern 3:5  Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən,
Ezek Northern 3:6  ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı.
Ezek Northern 3:7  Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır.
Ezek Northern 3:8  Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm.
Ezek Northern 3:9  Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə».
Ezek Northern 3:10  O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit.
Ezek Northern 3:11  Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox».
Ezek Northern 3:12  Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun».
Ezek Northern 3:13  Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim.
Ezek Northern 3:14  Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.
Ezek Northern 3:15  Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım.
Ezek Northern 3:16  Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu:
Ezek Northern 3:17  «Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et.
Ezek Northern 3:18  Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.
Ezek Northern 3:19  Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan.
Ezek Northern 3:20  Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.
Ezek Northern 3:21  Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan».
Ezek Northern 3:22  Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam».
Ezek Northern 3:23  Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım.
Ezek Northern 3:24  Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla.
Ezek Northern 3:25  Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən.
Ezek Northern 3:26  Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən.
Ezek Northern 3:27  Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.