Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next Toggle notes
Chapter 31
Ezek Northern 31:1  Sürgünlüyümüzün on birinci ilində, üçüncü ayın birinci günü mənə Rəbbin bu sözü nazil oldu:
Ezek Northern 31:2  «Ey bəşər oğlu, Misir padşahı firona və onun camaatına söylə: “Əzəmətdə kim səninlə müqayisə edilə bilər?
Ezek Northern 31:3  Bax Aşşur Livandakı sidr ağacına bənzəyirdi, Meşəyə kölgə salan gözəl budaqları var idi, Çox uca idi, başı buludlara çatırdı.
Ezek Northern 31:4  Onu sular bəslədi, Dərin su qaynaqları böyütdü. Çayları əkildiyi yeri əhatə etdi, Arxları çöldəki bütün ağaclara çatırdı.
Ezek Northern 31:5  Buna görə də çöldəki bütün ağaclardan böyük oldu, Bol su içdiyi üçün qol-budaq atıb Şaxələri uzandı.
Ezek Northern 31:6  Bütün göy quşları onun budaqlarında yuva qurdu, Vəhşi heyvanlar şaxələri altında balaladı, Bütün böyük millətlər kölgəsində yaşadı.
Ezek Northern 31:7  Böyüklüyü və uzun budaqları ilə gözəl oldu, Çünki kökləri bol su içdi.
Ezek Northern 31:8  Allahın bağçasındakı sidr ağacları da Boyda ona çatmazdı, Şam ağacları boyda onun budaqlarına yetməzdi, Çinar ağacları onun şaxələri kimi deyildi, Allahın bağçasındakı ağaclardan heç biri Onun kimi gözəl deyildi.
Ezek Northern 31:9  Sıx budaqlarla o sidr ağacını gözəlləşdirdim, Allahın bağçası olan Edendəki Bütün ağaclar ona qısqandı”.
Ezek Northern 31:10  Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boyu ucalıb başı buludlara çatanda ucalığına görə ürəyi qürurlandı,
Ezek Northern 31:11  Mən də onu millətlərin başçısına təslim etdim. O da onunla pisliyinə görə rəftar edəcək. Mən onu qovdum və
Ezek Northern 31:12  yadelli millətlərin ən rəhmsizi onu kəsib yerə yıxdı. Budaqları dağlara və bütün dərələrə düşdü. Şaxələri ölkənin bütün vadilərində qırılıb qaldı. Yer üzünün bütün xalqları kölgəsindən çəkilib onu tərk etdi.
Ezek Northern 31:13  Göydəki bütün quşlar onun yıxılmış gövdəsi üstünə qondu, bütün vəhşi heyvanlar şaxələri arasında yaşadı.
Ezek Northern 31:14  Bu ona görə oldu ki, bir daha suların yaxınlığında bitən heç bir ağac boy-buxun atmasın, başını buludlara çatdırmasın, bol su içən heç bir ağac bu qədər yüksəlməsin. Çünki onların hamısı qəbirə enən insanlarla birgə ölümə – yerin dərinliklərinə təslim edildi”.
Ezek Northern 31:15  Xudavənd Rəbb belə deyir: “Sidr ağacı ölülər diyarına endiyi gün ona yas tutsunlar deyə dərin su qaynaqlarını örtdüm, çaylarını dayandırdım, gur sularının qabağını kəsdim. O ağac üçün Livana yas tutdurdum, bütün çöl ağaclarını qurutdum.
Ezek Northern 31:16  Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı.
Ezek Northern 31:17  Kölgəsində yaşayanlar, millətlər arasında ona arxa duranlar da onunla birlikdə ölülər diyarına – qılıncla öldürülmüş adamların yanına endi.
Ezek Northern 31:18  Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir».