Site uses cookies to provide basic functionality.

OK
EZEKIEL
Prev Up Next Toggle notes
Chapter 8
Ezek Northern 8:1  Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi.
Ezek Northern 8:2  Mən baxıb insana oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı.
Ezek Northern 8:3  O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu.
Ezek Northern 8:4  Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.
Ezek Northern 8:5  O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir.
Ezek Northern 8:6  O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».
Ezek Northern 8:7  O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var.
Ezek Northern 8:8  O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var.
Ezek Northern 8:9  O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör».
Ezek Northern 8:10  Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib.
Ezek Northern 8:11  İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı.
Ezek Northern 8:12  O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir».
Ezek Northern 8:13  O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».
Ezek Northern 8:14  O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub.
Ezek Northern 8:15  O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».
Ezek Northern 8:16  O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi.
Ezek Northern 8:17  O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir.
Ezek Northern 8:18  Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».