Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next
Chapter 11
I Sa Northern 11:1  Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək».
I Sa Northern 11:2  Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim».
I Sa Northern 11:3  Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq».
I Sa Northern 11:4  Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı.
I Sa Northern 11:5  Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar.
I Sa Northern 11:6  Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.
I Sa Northern 11:7  O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı.
I Sa Northern 11:8  Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu.
I Sa Northern 11:9  Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər.
I Sa Northern 11:10  Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin».
I Sa Northern 11:11  Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı.
I Sa Northern 11:12  Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək».
I Sa Northern 11:13  Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi».
I Sa Northern 11:14  Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək».
I Sa Northern 11:15  Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər.