Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next Toggle notes
Chapter 22
I Sa Northern 22:1  Davud oradan yola çıxıb Adullam mağarasında gizləndi. Qardaşları və atasının külfəti bunu eşidəndə onun yanına gəldilər.
I Sa Northern 22:2  Vəziyyəti ağır olanların, borcu olanların, narazıların hamısı yanına yığıldı və Davud onların başçısı oldu. Onun yanında dörd yüz nəfərə qədər adam var idi.
I Sa Northern 22:3  Davud oradan Moavın Mispa şəhərinə gəlib Moav padşahına dedi: «Rica edirəm, Allahın mənə nə edəcəyini bilənə qədər qoy atamla anam gəlib yanında qalsın».
I Sa Northern 22:4  Davud onları Moav padşahının yanında qoydu və özü qalada qaldığı müddətdə ata və anası Moav padşahının yanında qaldı.
I Sa Northern 22:5  Peyğəmbər Qad Davuda dedi: «Sən burada – qalada belə dolanma, Yəhuda diyarına get». Davud gedib Xeret meşəsinə girdi.
I Sa Northern 22:6  Şaul Davudla yanındakı adamlarının yerini öyrəndi. O, Giveadakı bir təpədə, yulğun ağacının altında əlində nizə oturmuş, bütün əyanları isə ətrafında dayanmışdılar.
I Sa Northern 22:7  Şaul ətrafındakı əyanlarına belə dedi: «Ey Binyaminlilər, indi mənə qulaq asın. Yesseyin oğlu hamınıza tarlalar və üzümlüklər verəcəkmi? Hamınızı minbaşı və yüzbaşı edəcək ki,
I Sa Northern 22:8  mənim üçün hiylə qurursunuz? Mənim oğlum Yesseyin oğlu ilə əhd bağlayan zaman bunu qulağıma çatdıran olmadı və heç birinizin mənə yazığı gəlmədi. Pusqu qurmaq üçün oğlum mənim üstümə qulumu qiyama qaldırır, deyə bu xəbəri qulağıma çatdıran oldumu?»
I Sa Northern 22:9  Şaulun əyanlarının yanında Edomlu Doeq də dayanmışdı və o dedi: «Yesseyin oğlunu Novda, Axituv oğlu Aximelekin yanına gələndə gördüm.
I Sa Northern 22:10  Orada Aximelek Davud üçün Rəbbə müraciət etdi və ona həm ərzaq, həm də Filiştli Qolyatın qılıncını verdi».
I Sa Northern 22:11  Padşah Axituv oğlu kahin Aximeleki və atasının külfətini, həm də Novda olan kahinləri çağırmaq üçün adam göndərdi. Onların hamısı padşahın yanına gəldi.
I Sa Northern 22:12  Şaul dedi: «Ey Axituv oğlu, indi məni dinlə». Aximelek dedi: «Buyurun, ağam».
I Sa Northern 22:13  Şaul dedi: «Allaha müraciət edib bugünkü kimi mənim üstümə qiyam qaldırmaq üçün Yessey oğlunun əlinə çörək və qılınc verərək niyə mənə qarşı fənd qurdunuz?»
I Sa Northern 22:14  Aximelek padşaha cavab verdi: «Bütün əyanlarının arasında Davud kimi sədaqətli olanı varmı? O, padşahın kürəkəni, mühafizəçilərin başçısı və sənin evində çox etibarlı sayılan adamdır.
I Sa Northern 22:15  Onun üçün Allaha müraciət etməyə ancaq o gündənmi başlamışam? Əsla! Padşahım bu quluna və atamın külfətinə şər atmasın, çünki az-çox olsa belə, qulunun bu işdən heç bir xəbəri yoxdur».
I Sa Northern 22:16  Padşah dedi: «Ey Aximelek, sən və atanın külfəti mütləq ölməlisiniz».
I Sa Northern 22:17  Padşah yanındakı mühafizəçi əsgərlərə dedi: «Dönün, Rəbbin kahinlərini öldürün. Ona görə ki onlar da Davudla əlbir olub. Çünki onun qaçdığını bilib bu xəbəri qulağıma çatdırmayıblar». Lakin padşahın adamları əl qaldırıb Rəbbin kahinlərini öldürmək istəmədilər.
I Sa Northern 22:18  Padşah Edomlu Doeqə dedi: «Dön, bu kahinləri öldür». Edomlu Doeq dönüb kahinləri öldürdü və o gün kətan efod geyən səksən beş kişi öldürüldü.
I Sa Northern 22:19  Sonra o, kahinlərin şəhəri olan Novu da qılıncdan keçirdi. Kişi, qadın, gənc, körpə bilmədən bütün adamları, eləcə də öküzləri, eşşəkləri və qoyunları qılıncdan keçirdi.
I Sa Northern 22:20  Axituvun oğlu Aximelekin oğullarından Evyatar adlı bir nəfər qurtulub Davudun yanına qaçdı.
I Sa Northern 22:21  Evyatar Şaulun Rəbbin kahinlərini öldürdüyünü Davuda xəbər verdi.
I Sa Northern 22:22  Davud Evyatara dedi: «O vaxt Edomlu Doeq orada olanda mütləq bunu Şaula çatdıracağını anlamışdım. Atanın külfətinin qırılmasına səbəb mən oldum.
I Sa Northern 22:23  Yanımda qal, qorxma, çünki mənim canımı almaq istəyən sənin də canını almaq istəyir. Əgər yanımda qalsan, salamat olarsan».