Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next Toggle notes
Chapter 8
I Sa Northern 8:1  Şamuel qocalanda oğullarını İsrailə hakim etdi.
I Sa Northern 8:2  Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər.
I Sa Northern 8:3  Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.
I Sa Northern 8:4  Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər.
I Sa Northern 8:5  Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin».
I Sa Northern 8:6  Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi.
I Sa Northern 8:7  Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər.
I Sa Northern 8:8  Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər.
I Sa Northern 8:9  Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq».
I Sa Northern 8:10  Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi.
I Sa Northern 8:11  O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq.
I Sa Northern 8:12  Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.
I Sa Northern 8:13  Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq.
I Sa Northern 8:14  Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək.
I Sa Northern 8:15  Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək.
I Sa Northern 8:16  Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək.
I Sa Northern 8:17  Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız.
I Sa Northern 8:18  Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək».
I Sa Northern 8:19  Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun.
I Sa Northern 8:20  Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin».
I Sa Northern 8:21  Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi.
I Sa Northern 8:22  Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.