Site uses cookies to provide basic functionality.

OK
I SAMUEL
Prev Up Next
Chapter 20
I Sa Northern 20:1  Davud Ramadakı Nayotdan qaçdı və gəlib Yonatana dedi: «Axı nə etmişəm? Təqsirim nədir? Atana qarşı nə günahım var ki, canımın qəsdinə durub?»
I Sa Northern 20:2  Yonatan ona cavab verdi: «Əsla, sən ölməyəcəksən. Bax böyük olsun, kiçik olsun, atam mənə deməmiş bir iş görməz. Axı niyə atam məndən bu işi gizlətsin? Belə şey ola bilməz!»
I Sa Northern 20:3  Davud yenə and içib dedi: «Atan əmindir ki, mən sənin gözündə lütf tapmışam. Ona görə deyir ki, qoy Yonatan bunu bilməsin, yoxsa kədərlənər. Lakin var olan Rəbbə və canına and olsun, mənimlə ölüm arasında, həqiqətən, ancaq bir addım var».
I Sa Northern 20:4  Yonatan Davuda dedi: «Sənin üçün ürəyin nə istəsə, onu da edəcəyəm».
I Sa Northern 20:5  Davud Yonatana dedi: «Sabah Təzə Ay mərasimidir və mütləq padşahla yeməyə oturmalıyam. Lakin sən mənə birisi gün axşama qədər izin ver, gedib çöldə gizlənim.
I Sa Northern 20:6  Əgər atan məni axtararsa, o vaxt de ki, Davud öz şəhərinə – Bet-Lexemə dəymək üçün məndən izin istədi. Çünki orada bütün ailəsinin illik qurbanı vardır.
I Sa Northern 20:7  Əgər “lap yaxşı” deyərsə, deməli sənin qulun salamatdır, yox, əgər qəzəblənərsə, onda o mənə pislik etmək niyyətindədir.
I Sa Northern 20:8  Belə olarsa, bu quluna xeyirxahlıq et, çünki qulunu özünlə Rəbbin əhdinə saldın. Əgər mənim təqsirim varsa, sən özün məni öldür. Axı nə üçün məni atanın yanına aparmalısan?»
I Sa Northern 20:9  Yonatan dedi: «Əsla, bu sənin başına gəlməz! Atamın sənə pislik etmək niyyətində olduğunu bilsəydim, sənə xəbər verməzdimmi?»
I Sa Northern 20:10  Davud Yonatana dedi: «Atan sənə sərt cavab versə, bunu mənə kim bildirəcək?»
I Sa Northern 20:11  Yonatan Davuda dedi: «Gəl çölə çıxaq». Hər ikisi çölə çıxdı.
I Sa Northern 20:12  Sonra Yonatan Davuda dedi: «İsrailin Allahı Rəbbə and olsun, sabah yaxud o birisi gün bu vaxtlar mən atamdan fikrini öyrənərəm. Əgər, həqiqətən, Davuda qarşı fikri yaxşıdırsa, bu xəbəri sənə çatdıraram.
I Sa Northern 20:13  Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun.
I Sa Northern 20:14  Əgər sağ qalaramsa, Rəbbin sədaqətini mənə göstərərsən. Yox, əgər ölsəm,
I Sa Northern 20:15  bu sədaqəti Rəbb Davudun bütün düşmənlərini yer üzündən silən zaman da heç vaxt evimdən kəsməyəcəksən».
I Sa Northern 20:16  Yonatan Davud nəsli ilə əhd bağlayıb dedi: «Qoy Rəbb Davudun düşmənlərini Özü cəzalandırsın!»
I Sa Northern 20:17  Yonatan Davuda olan sevgisi naminə bir də ona and içdirdi, çünki onu öz canı kimi sevirdi.
I Sa Northern 20:18  Yonatan dedi: «Sabah Təzə Ay mərasimidir, yerin boş olduğu üçün səni axtaracaqlar.
I Sa Northern 20:19  Üç gün qalandan sonra tezdən bura enərsən və əvvəl gizləndiyin yerə gəlib Ezel daşının yanında oturarsan.
I Sa Northern 20:20  Mən hədəfə atan kimi daşın bir tərəfinə üç ox atacağam.
I Sa Northern 20:21  Sonra “get oxları tap” deyərək bir uşaq göndərəcəyəm. Bax əgər uşağa “oxlar burada – sənin yanındadır, get onları oradan götür” desəm, yanıma gəl, çünki sənin üçün salamatlıqdır və var olan Rəbbə and olsun, heç bir şey yoxdur.
I Sa Northern 20:22  Lakin əgər uşağa “oxlar səndən uzaqdadır” desəm, öz yolunla çıx get, çünki Rəbb səni uzağa göndərmişdir.
I Sa Northern 20:23  Aramızda danışdığımız sözə gəlincə, bil ki, Rəbb əbədi olaraq səninlə mənim aramdadır».
I Sa Northern 20:24  Davud çöldə gizləndi. Təzə Ay mərasimi başlayarkən padşah yeməyə oturdu.
I Sa Northern 20:25  Həmişəki kimi padşah öz yerində – divarın yanında oturdu. Yonatan ayağa qalxdı və Avner Şaulun yanında oturdu. Davudun yeri isə boş idi.
I Sa Northern 20:26  Şaul o gün bir söz demədi, çünki elə düşünürdü ki, Davudun başına nə isə gəlib. Yəqin ki natəmizdir.
I Sa Northern 20:27  Ertəsi gün – Təzə Ay mərasiminin ikinci günü Davudun yeri yenə də boş idi və Şaul oğlu Yonatana dedi: «Nə üçün Yesseyin oğlu nə dünən, nə də bu gün yeməyə gəlməyib?»
I Sa Northern 20:28  Yonatan Şaula belə cavab verdi: «Davud Bet-Lexemə getmək üçün təkidlə məndən izin istədi.
I Sa Northern 20:29  Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib».
I Sa Northern 20:30  Yonatana qarşı Şaulun qəzəbi alovlandı və ona belə dedi: «Ey xəyanətkar və dönük qadının oğlu, öz rüsvayçılığına görə, ananın biabırçılığına görə Yesseyin oğlunu özünə dost seçdiyini guya mən bilmirəm?
I Sa Northern 20:31  Nə qədər ki Yesseyin bu oğlu yer üzündə yaşayır, nə sən rahat olacaqsan, nə də padşahlığın. İndi isə adam göndər, qoy onu yanıma gətirsin, çünki o mütləq ölməlidir».
I Sa Northern 20:32  Yonatan atası Şaula cavab verdi: «Axı nə üçün ölməlidir? O nə edib ki?»
I Sa Northern 20:33  Şaul Yonatanı öldürmək üçün nizə atdı. Onda Yonatan atasının Davudu öldürmək niyyətində olduğunu başa düşdü.
I Sa Northern 20:34  Yonatan qızğın qəzəblə süfrə üstündən qalxdı. Təzə ayın ikinci günündə yemək yemədi, çünki atası Davuda namərdlik etdiyi üçün qanı qaralmışdı.
I Sa Northern 20:35  Səhəri gün erkən Yonatan Davudla təyin etdiyi vaxt çölə getdi. Yanında kiçik bir uşaq var idi.
I Sa Northern 20:36  O, uşağa dedi: «Qaç, indi atacağım oxları tap». Uşaq qaçarkən Yonatan onun başı üzərindən bir ox atdı.
I Sa Northern 20:37  Uşaq Yonatanın atdığı oxun yanına çatanda Yonatan uşağı arxadan çağırıb dedi: «Ox səndən uzaqda deyilmi?»
I Sa Northern 20:38  Yonatan uşağı yenə arxadan çağırıb «Tez ol, qaç, dayanma!» dedi. Yonatanın nökəri oxu götürüb ağasının yanına gəldi.
I Sa Northern 20:39  Lakin uşağın heç nədən xəbəri yox idi. Bu işi ancaq Yonatanla Davud bilirdi.
I Sa Northern 20:40  Yonatan silahlarını uşağa verib dedi: «Get, bunları şəhərə apar».
I Sa Northern 20:41  Uşaq gedəndən sonra Davud daşın cənub tərəfindən çıxıb üzüstə yerə sərildi və üç dəfə onun qarşısında əyildi. Onlar öpüşüb ağlaşdılar, Davud daha çox ağladı.
I Sa Northern 20:42  Yonatan Davuda dedi: «Sağ-salamat get, çünki “səninlə mənim aramda və sənin övladlarınla mənim övladlarım arasında əbədilik Rəbb olacaq” deyərək ikimiz də Rəbbin isminə and içmişik». Bundan sonra Davud qalxıb öz yolu ilə getdi, Yonatan isə şəhərə qayıtdı.