Site uses cookies to provide basic functionality.

OK
JUDGES
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 14
Judg Northern 14:1  Bir gün Şimşon Timnaya endi və Timnada Filişt qızlarından bir qadın gördü.
Judg Northern 14:2  O, ata-anasının yanına qayıdıb dedi: «Timnada Filişt qızlarının arasında bir qadın görmüşəm, gedin, onu mənim üçün arvad alın».
Judg Northern 14:3  Atası ilə anası ona dedilər: «Məgər qohumlarının qızları arasında, xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz Filiştlilərdən arvad alırsan?» Şimşon atasına dedi: «Mənim üçün onu alın, çünki gözümə o xoş görünür».
Judg Northern 14:4  Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi.
Judg Northern 14:5  Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı.
Judg Northern 14:6  Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi.
Judg Northern 14:7  Sonra enib qadınla söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü.
Judg Northern 14:8  Bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı. Aslanın leşinə baxmaq üçün o öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var.
Judg Northern 14:9  O, ovucları ilə baldan götürdü və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi, lakin onlara bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb.
Judg Northern 14:10  Atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu, çünki o zamanlar cavanlar belə edərdi.
Judg Northern 14:11  Onu görən xalq müşayiət üçün ona otuz nəfər sağdış-soldış seçdi.
Judg Northern 14:12  Şimşon onlara dedi: «İndi mən sizə bir tapmaca deyəcəyəm. Əgər ziyafətin yeddinci gününə qədər açmasını mənə desəniz, mən sizə otuz dəst kətan paltar və otuz dəst bayram libası verəcəyəm.
Judg Northern 14:13  Yox, əgər tapmacanın açmasını mənə deyə bilməsəniz, onda siz mənə otuz dəst kətan paltar və otuz dəst bayram libası verməlisiniz». Ona dedi: «Tapmacanı de, bir ona qulaq asaq».
Judg Northern 14:14  Şimşon onlara dedi: «Yeyəndən bir yeməli şey çıxdı, Güclüdən bir şirin şey çıxdı». Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər.
Judg Northern 14:15  Dördüncü gün olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?»
Judg Northern 14:16  Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?»
Judg Northern 14:17  Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.
Judg Northern 14:18  Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər: «Baldan şirini varmı? Aslandan güclüsü varmı?» Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».
Judg Northern 14:19  Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı.
Judg Northern 14:20  Şimşonun arvadını isə Şimşonu müşayiət edən sağdışlarından birinə verdilər.