Site uses cookies to provide basic functionality.

OK
JUDGES
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 18
Judg Northern 18:1  O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.
Judg Northern 18:2  Dan övladları ölkəni axtarıb aramaq üçün Sora və Eştaol şəhərlərindən olan bütün nəsillərindən beş nəfər igid adamı kəşfiyyata göndərdilər və onlara dedilər: «Gedin, ölkəni axtarın». Onlar Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldilər və orada gecələdilər.
Judg Northern 18:3  Hələ Mikeyanın evinin yanında ikən gənc Levilinin səsini tanıdılar və evə tərəf dönüb ondan soruşdular: «Buraya səni kim gətirib? Burada nə edirsən? Sənin burada nə işin var?»
Judg Northern 18:4  Levili onlara dedi: «Mikeya mənim üçün belə-belə işlər gördü. O məni muzdla tutdu və mən də onun kahini oldum».
Judg Northern 18:5  Danlılar ona dedilər: «Rica edirik, Allaha müraciət et. Qoy biz getdiyimiz bu yolun necə uğurlu olacağını öyrənək».
Judg Northern 18:6  Kahin onlara dedi: «Salamat gedin, getdiyiniz bu yol Rəbbə xoşdur».
Judg Northern 18:7  Bu beş igid gedib Layişə çatdı və gördü ki, orada yaşayan xalq qayğısızdır. Sidonlular kimi dinc və rahat yaşayırlar. Bu bölgədə onlara hökm edib əziyyət verən heç kim yox idi. Onlar Sidonlulardan uzaqda olub başqa heç kəslə əlaqələri yox idi.
Judg Northern 18:8  İgidlər Sora və Eştaol şəhərlərinə, öz xalqının yanına qayıdanda xalq onlara dedi: «Nə öyrənə bildiniz?»
Judg Northern 18:9  İgidlər onlara dedilər: «Qalxın, Sidonlulara hücum edək, çünki onların torpağını gördük, çox yaxşıdır. Niyə boş dayanmısınız? Tərəddüd etməyin, gedib torpağı alın!
Judg Northern 18:10  Oraya çatanda qayğısız bir xalq görəcəksiniz. Allahın sizə verdiyi bu torpaq çox genişdir. Ora elə torpaqdır ki, heç nəyə ehtiyacları yoxdur».
Judg Northern 18:11  Dan nəslindən altı yüz kişi silahlanaraq Sora və Eştaoldan yola düşdülər.
Judg Northern 18:12  Yəhudaya qalxıb Qiryat-Yearimdə gecələdilər. Buna görə də o yer bu günə qədər Maxane-Dan adlanır. O yer Qiryat-Yearimin qərbində yerləşir.
Judg Northern 18:13  Oradan Efrayimin dağlıq bölgəsinə keçdilər və Mikeyanın evinə gəldilər.
Judg Northern 18:14  Layiş diyarını axtarmaq üçün gedən beş nəfər kişi öz xalqına sual verdi: «Bu evlərdə efod, ev bütləri, həm də oyma və tökmə bütlərin olduğunu bilirsinizmi? Onda görün nə edirsiniz, bu barədə bir qərara gəlin».
Judg Northern 18:15  Onlar oraya burulub, o gənc Levilinin qaldığı Mikeyanın evinə gələrək onun hal-əhvalını xəbər aldılar.
Judg Northern 18:16  Dan övladlarından döyüş üçün silahlanmış altı yüz nəfər onun darvazasının girişində dayandı.
Judg Northern 18:17  Ölkəni axtarmağa gedən həmin o beş igid evə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdülər. Kahin və silahlanmış altı yüz nəfər isə darvazanın girişində dayanmışdı.
Judg Northern 18:18  Onlar Mikeyanın evinə girib oyma bütü, efodla ev bütlərini və tökmə bütü götürdükləri zaman kahin onlardan soruşdu: «Nə edirsiniz?»
Judg Northern 18:19  Onda dedilər: «Sus, əlinlə ağzını yum və dur bizimlə gedək, bizə ata və kahin ol. Sənin üçün bir adama kahin olmaq yaxşıdır, yoxsa bir İsrail qəbiləsinə, bir nəslə?»
Judg Northern 18:20  Kahinin könlü şad oldu, efodla ev bütlərini və oyma bütü götürüb xalq ilə bərabər getdi.
Judg Northern 18:21  Onlar öz külfətlərini, heyvanları və ev əşyalarını qabaqlarına qatıb yola düşdülər.
Judg Northern 18:22  Mikeyanın evindən uzaqlaşanda Mikeyanın qonşuları toplaşaraq Dan övladlarına çatdılar.
Judg Northern 18:23  Onlar Dan övladlarını səslədi. Dan övladları üzlərini Mikeyaya tutub dedi: «Sənə nə olub ki, bunları bura yığmısan?»
Judg Northern 18:24  Mikeya onlara dedi: «Düzəltdiyim allahları və kahini götürüb getdiniz, bəs mənə nə qaldı? Hələ bir soruşursunuz ki, sənə nə olub?»
Judg Northern 18:25  Dan övladları ona dedilər: «Səsin aramızda eşidilməsin, yoxsa qəzəbindən odlanan adamlarımız sənin üstünə düşər, həm öz həyatını, həm də evindəkilərin həyatını itirərsən».
Judg Northern 18:26  Dan övladları yollarına davam etdilər. Mikeya bu adamların ondan güclü olduğunu görüb evinə qayıtdı.
Judg Northern 18:27  Dan övladları Mikeyanın düzəltdiyi şeyləri və onun kahinini götürüb Layişə, dinc və rahat bir xalqa hücum etdi. Əhalisini qılıncdan keçirib şəhərə od vurdular.
Judg Northern 18:28  Onları qurtaran olmadı, çünki Layiş Sidondan uzaqda idi. Bu xalqın başqa heç kəslə əlaqəsi yox idi. Bu şəhər Bet-Rexovun yanında olan bir vadidə yerləşir. Danlılar bu şəhəri bərpa edib orada yaşadılar.
Judg Northern 18:29  Onlar İsraildən törənən öz ataları Danın xatirinə bu şəhərin adını Dan qoydular. Amma əvvəlcə şəhərin adı Layiş idi.
Judg Northern 18:30  Dan övladları orada oyma bütü qurdular və əhali əsirliyə düşən günə qədər Musa oğlu Gerşom oğlu Yonatan özü və oğulları Dan qəbiləsinə kahin oldu.
Judg Northern 18:31  Allahın evi Şiloda olarkən bütün bu dövrdə Danlılar Mikeyanın düzəltdiyi oyma bütə sitayiş edirdilər.