Site uses cookies to provide basic functionality.

OK
II CHRONICLES
Prev Up Next
Chapter 26
II C Northern 26:1  Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi.
II C Northern 26:2  Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi.
II C Northern 26:3  Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.
II C Northern 26:4  Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
II C Northern 26:5  Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.
II C Northern 26:6  O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi.
II C Northern 26:7  Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi.
II C Northern 26:8  Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.
II C Northern 26:9  Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.
II C Northern 26:10  O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.
II C Northern 26:11  Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu mirzə Yeielin və məmur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı.
II C Northern 26:12  Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi.
II C Northern 26:13  Onların əli altında düşmənə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı.
II C Northern 26:14  Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı.
II C Northern 26:15  Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və künclər üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona möcüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi.
II C Northern 26:16  Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu.
II C Northern 26:17  Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi.
II C Northern 26:18  Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənin işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, Müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək».
II C Northern 26:19  Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin məbədində, buxur qurbangahının yanında alnından cüzama tutuldu.
II C Northern 26:20  Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alnından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdi, çünki Rəbb ona bəla göndərmişdi.
II C Northern 26:21  Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin məbədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi.
II C Northern 26:22  Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır.
II C Northern 26:23  Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki «cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu.