Site uses cookies to provide basic functionality.

OK
LEVITICUS
Prev Up Next Toggle notes
Chapter 2
Levi Northern 2:1  Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür qoysun.
Levi Northern 2:2  Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
Levi Northern 2:3  Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.
Levi Northern 2:4  Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.
Levi Northern 2:5  Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir.
Levi Northern 2:6  Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.
Levi Northern 2:7  Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.
Levi Northern 2:8  Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın.
Levi Northern 2:9  Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
Levi Northern 2:10  Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir.
Levi Northern 2:11  Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.
Levi Northern 2:12  Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın.
Levi Northern 2:13  Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla.
Levi Northern 2:14  Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et.
Levi Northern 2:15  Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir.
Levi Northern 2:16  Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir.