Site uses cookies to provide basic functionality.

OK
REVELATION OF JOHN
Prev Up Next
Chapter 7
Reve Northern 7:1  Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin.
Reve Northern 7:2  Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi:
Reve Northern 7:3  «Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın».
Reve Northern 7:4  Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi:
Reve Northern 7:5  Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər; Ruven qəbiləsindən 12 000 nəfər; Qad qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:6  Aşer qəbiləsindən 12 000 nəfər; Naftali qəbiləsindən 12 000 nəfər; Menaşşe qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:7  Şimeon qəbiləsindən 12 000 nəfər; Levi qəbiləsindən 12 000 nəfər; İssakar qəbiləsindən 12 000 nəfər;
Reve Northern 7:8  Zevulun qəbiləsindən 12 000 nəfər; Yusif qəbiləsindən 12 000 nəfər; Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
Reve Northern 7:9  Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar.
Reve Northern 7:10  Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
Reve Northern 7:11  Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər:
Reve Northern 7:12  «Amin! Allahımıza əbədi olaraq Alqış, izzət, hikmət, şükür, şərəf, Qüdrət və qüvvət olsun! Amin!»
Reve Northern 7:13  Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?»
Reve Northern 7:14  Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar.
Reve Northern 7:15  Buna görə də Onlar Allahın taxtının önündədir, Gecə-gündüz məbədində Ona ibadət edirlər. Taxtda Oturan da Onların üzərində məskən salacaq.
Reve Northern 7:16  Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq.
Reve Northern 7:17  Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək».