Site uses cookies to provide basic functionality.

OK
REVELATION OF JOHN
Prev Up Next
Chapter 16
Reve Northern 16:1  Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim.
Reve Northern 16:2  Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi.
Reve Northern 16:3  İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu.
Reve Northern 16:4  Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü.
Reve Northern 16:5  Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın.
Reve Northern 16:6  Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir».
Reve Northern 16:7  Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir».
Reve Northern 16:8  Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi.
Reve Northern 16:9  Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər.
Reve Northern 16:10  Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar
Reve Northern 16:11  və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər.
Reve Northern 16:12  Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın.
Reve Northern 16:13  Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır.
Reve Northern 16:14  Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar.
Reve Northern 16:15  Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!»
Reve Northern 16:16  Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı.
Reve Northern 16:17  Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi.
Reve Northern 16:18  Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı.
Reve Northern 16:19  Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin.
Reve Northern 16:20  Bütün adalar aradan qalxdı və dağlar yox oldu.
Reve Northern 16:21  Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.