Site uses cookies to provide basic functionality.

OK
JOEL
1 2 3
Prev Up Next
Chapter 1
Joel Northern 1:1  Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur:
Joel Northern 1:2  Ey ağsaqqallar, bunu dinləyin. Ey bütün ölkə əhalisi, buna qulaq asın, Sizin və atalarınızın dövründə Belə bir şey olubmu?
Joel Northern 1:3  Siz bunu övladlarınıza danışın. Övladlarınız da öz övladlarına, Onların övladları isə gələcək nəslə danışsın.
Joel Northern 1:4  Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi, Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi, Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
Joel Northern 1:5  Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı.
Joel Northern 1:6  Çünki mənim torpağımın üzərinə Qüvvətli və saysız-hesabsız bir millət gəldi. Onların dişləri aslan dişləri kimidir, Onlarda dişi aslanın köpək dişləri var.
Joel Northern 1:7  Tənəyimi məhv etdi, Əncir ağacımı gəmirdi, Qabıqlarını tamamilə soyub yerə atdı, Budaqları ağ qaldı.
Joel Northern 1:8  Cavanlıqda nişanlısını itirən, Büsbütün çul geyinən Bir qız kimi yas tutun.
Joel Northern 1:9  Rəbbin evindən Taxıl təqdimi və içmə təqdimi kəsildi, Rəbbə xidmət edən kahinlər yas tutur.
Joel Northern 1:10  Zəmi viran qalıb, torpaq ağlayır, Çünki taxıl zay oldu, təzə şərab qurudu, Zeytun yağı qurtardı.
Joel Northern 1:11  Buğda və arpaya görə Ey əkinçilər, utanın! Ey bağbanlar, nalə çəkin! Çünki torpağın məhsulları yoxa çıxdı,
Joel Northern 1:12  Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
Joel Northern 1:13  Ey kahinlər, çul geyinərək yas tutun! Ey qurbangah xidmətçiləri, nalə çəkin! Ey Allahıma xidmət edənlər, Gəlin çulda gecələyin, Çünki Allahınızın evindən Taxıl təqdimi və içmə təqdimi yox oldu.
Joel Northern 1:14  Oruc üçün vaxt təyin edin, Təntənəli toplantı çağırın. Ağsaqqalları, ölkənin bütün əhalisini Allahınız Rəbbin evinə yığın, Rəbbə fəryad qoparın.
Joel Northern 1:15  Vay o günə! Budur, Rəbbin o günü yaxındır, O gün Külli-İxtiyar fəlakət gətirəcək.
Joel Northern 1:16  O yemək gözlərimizin önündən, Sevinc və şadlıq Allahımızın evindən yox olmadımı?
Joel Northern 1:17  Torpaq kəsəkləri altında toxumlar çürüdü, Zirzəmilər boş qaldı, Anbarlar dağıldı, Çünki taxıllar məhv oldu.
Joel Northern 1:18  Heyvanlar necə də inildəyir, Naxırlar çaşbaş qalıb, Çünki onlar otlaqsız qalıb, Sürülər də susuzluqdan əldən düşür.
Joel Northern 1:19  Ya Rəbb, Sənə fəryad edirəm, Çünki çölün otlaqlarını alov yandırıb-yaxdı, Bütün düzəngahın ağacları odda qovruldu.
Joel Northern 1:20  Çöl heyvanları da Səni çağırır, Axı axar sular quruyub, Çölün otlaqlarını alov yandırıb-yaxdı.