Site uses cookies to provide basic functionality.

OK
SONG OF SOLOMON
1 2 3 4 5 6 7 8
Prev Up Next Toggle notes
Chapter 2
Song Northern 2:1  Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam. Oğlan:
Song Northern 2:2  Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır. Qız:
Song Northern 2:3  Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
Song Northern 2:4  O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
Song Northern 2:5  Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim.
Song Northern 2:6  Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
Song Northern 2:7  Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
Song Northern 2:8  Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.
Song Northern 2:9  Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
Song Northern 2:10  Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
Song Northern 2:11  Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
Song Northern 2:12  Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
Song Northern 2:13  Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!» Oğlan:
Song Northern 2:14  Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
Song Northern 2:15  Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib. Qız:
Song Northern 2:16  Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
Song Northern 2:17  Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.