Site uses cookies to provide basic functionality.

OK
DANIEL
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next
Chapter 3
Dani Northern 3:1  Padşah Navuxodonosor bir qızıl heykəl düzəltdi. Onun hündürlüyü altmış qulac, eni altı qulac idi. Onu Babil vilayətində olan Dura çölündə qoydu.
Dani Northern 3:2  Sonra padşah Navuxodonosor canişinləri, əmirləri, valiləri, müşavirləri, xəzinədarları, hakimləri, vəkilləri, xülasə, bütün vilayətlərin məmurlarını toplamaq üçün xəbər göndərdi ki, qoyduğu heykəlin həsretmə mərasiminə gəlsinlər.
Dani Northern 3:3  O zaman padşah Navuxodonosorun qoyduğu heykəlin həsretmə mərasiminə canişinlər, əmirlər, valilər, müşavirlər, xəzinədarlar, hakimlər, vəkillər, xülasə, bütün vilayətlərin məmurları toplaşdı.
Dani Northern 3:4  Carçı ucadan elan etdi: «Ey müxtəlif xalqlara, millətlərə və dillərə mənsub adamlar, sizə əmr olunur ki,
Dani Northern 3:5  şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən vaxt yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə edəsiniz.
Dani Northern 3:6  Kim yerə əyilib səcdə etməsə, o saat odla qızmış sobanın içinə atılacaq».
Dani Northern 3:7  Beləliklə, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib padşah Navuxodonosorun qoyduğu qızıl heykələ səcdə etdi.
Dani Northern 3:8  Elə bu vaxt bəzi Xaldeyli müdriklər Yəhudiləri ittiham etdi.
Dani Northern 3:9  Onlar padşah Navuxodonosora dedi: «Qoy padşah həmişə sağ olsun,
Dani Northern 3:10  sən əmr etmisən ki, şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən hər kəs yerə əyilib qızıl heykələ səcdə etsin.
Dani Northern 3:11  Kim yerə əyilib səcdə etməsə, odla qızmış sobanın içinə atılacaq.
Dani Northern 3:12  Sənin Babil vilayətinə məmur qoyduğun Şadrak, Meşak və Aved-Neqo adlı Yəhudilər var. Ey padşah, bu adamlar sənə itaət etmir, sənin allahlarına xidmət etmir və qoyduğun qızıl heykələ səcdə etmir».
Dani Northern 3:13  O zaman Navuxodonosor qızğın qəzəblə əmr etdi ki, Şadrakı, Meşakı və Aved-Neqonu gətirsinlər. Bu adamlar padşahın hüzuruna gətirildi.
Dani Northern 3:14  Navuxodonosor onlara dedi: «Ey Şadrak, Meşak və Aved-Neqo, bu doğrudur ki, siz mənim allahlarıma qulluq etmirsiniz? Mənim qoyduğum qızıl heykələ səcdə etmirsiniz?
Dani Northern 3:15  Yaxşı olar ki, indi şeypur, zurna, lira, arfa, səntur, tuluq zurnası və hər cür musiqi alətlərinin səsini eşidən zaman yerə əyilib düzəltdiyim heykələ səcdə edəsiniz. Əgər səcdə etməsəniz, o saat odla qızmış sobaya atılacaqsınız. O zaman sizi hansı allah mənim əlimdən qurtara bilər?»
Dani Northern 3:16  Şadrak, Meşak və Aved-Neqo padşaha cavab verdi: «Ey Navuxodonosor, bizim bu iş üçün sənin önündə özümüzü müdafiə etməyimizə ehtiyac yoxdur.
Dani Northern 3:17  Ey padşah, əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
Dani Northern 3:18  Sənə məlum olsun ki, ey padşah, əgər belə olmasa da, biz sənin allahlarına qulluq edən deyilik və sənin qoyduğun qızıl heykələ də səcdə etməyəcəyik».
Dani Northern 3:19  O zaman Navuxodonosor bərk qəzəbləndi və Şadraka, Meşaka, Aved-Neqoya qarşı siması dəyişdi. O əmr etdi ki, sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırsınlar.
Dani Northern 3:20  Ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, Şadrakın, Meşakın və Aved-Neqonun əl-qolunu bağlayıb onları odla qızmış sobaya atsınlar.
Dani Northern 3:21  Onda əyinlərində cübbə, şalvar, çalma və başqa paltarlar olan bu adamların əl-qolunu bağladılar və odla qızmış sobaya atdılar.
Dani Northern 3:22  Padşahın əmri qəti idi. Soba həddindən artıq qızdırıldığı üçün alovun dilləri Şadrakı, Meşakı və Aved-Neqonu oda atan adamları öldürdü.
Dani Northern 3:23  Bu üç nəfər – Şadrak, Meşak və Aved-Neqo isə əl-qolları bağlanmış halda odla qızmış sobanın içinə yıxıldı.
Dani Northern 3:24  O zaman padşah Navuxodonosor heyrətə gəlib tez ayağa qalxdı və öz müşavirlərinə dedi: «Biz üç nəfər əl-qolu bağlanmış adamı oda atmadıqmı?» Onlar cavabında padşaha dedi: «Doğrudur, ey padşah!»
Dani Northern 3:25  O dedi: «Budur, mən odun içində əl-qolu bağlanmamış dörd nəfərin gəzdiyini görürəm və onlara heç nə olmur. Onlardan dördüncüsü allahların oğluna bənzəyir».
Dani Northern 3:26  O zaman Navuxodonosor odla qızmış sobanın astanasına yaxınlaşdı və səsləyib dedi: «Ey Allah-Taalanın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin». Onda Şadrak, Meşak və Aved-Neqo odun içindən çıxdı.
Dani Northern 3:27  Ətrafa toplaşmış canişinlər, əmirlər, valilər və padşahın müşavirləri gördü ki, od bu adamların bədəninə heç bir zərər vurmayıb: nə onların saçları yanmış, nə də paltarları dəyişmişdi, hətta odun hisi də onlara hopmamışdı.
Dani Northern 3:28  Onda Navuxodonosor dedi: «Şadrakın, Meşakın və Aved-Neqonun Allahına şükür olsun ki, Öz mələyini göndərib Ona arxalanan qullarını xilas etdi. Onlar padşahın əmrinə qarşı çıxıb özlərini qurban vermək istədilər ki, özlərinin Allahından başqa bir allaha qulluq yaxud səcdə etməsinlər.
Dani Northern 3:29  Mən fərman verirəm ki, Şadrakın, Meşakın və Aved-Neqonun Allahına küfr edən hər xalqa, millətə və dilə mənsub olan adam parça-parça ediləcək və onların evləri zibilliyə çevriləcək, çünki bu cür xilas edən başqa bir allah yoxdur».
Dani Northern 3:30  O zaman padşah Babil vilayətində Şadrakın, Meşakın və Aved-Neqonun vəzifələrini yüksəltdi.