Site uses cookies to provide basic functionality.

OK
DANIEL
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next Toggle notes
Chapter 8
Dani Northern 8:1  Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi.
Dani Northern 8:2  Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım.
Dani Northern 8:3  Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı.
Dani Northern 8:4  Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi.
Dani Northern 8:5  Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi.
Dani Northern 8:6  O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı.
Dani Northern 8:7  Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı.
Dani Northern 8:8  Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı.
Dani Northern 8:9  Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı.
Dani Northern 8:10  Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı.
Dani Northern 8:11  Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu.
Dani Northern 8:12  Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı.
Dani Northern 8:13  Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?»
Dani Northern 8:14  Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq».
Dani Northern 8:15  Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı.
Dani Northern 8:16  Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi.
Dani Northern 8:17  O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir».
Dani Northern 8:18  O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı
Dani Northern 8:19  və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir.
Dani Northern 8:20  Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır.
Dani Northern 8:21  Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır.
Dani Northern 8:22  Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq.
Dani Northern 8:23  Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq.
Dani Northern 8:24  O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq.
Dani Northern 8:25  Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq.
Dani Northern 8:26  Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir».
Dani Northern 8:27  Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim.