Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Prev Up Next
Chapter 20
Deut Northern 20:1  Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir.
Deut Northern 20:2  Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək
Deut Northern 20:3  belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin,
Deut Northern 20:4  çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”.
Deut Northern 20:5  Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar.
Deut Northern 20:6  Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar.
Deut Northern 20:7  Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”.
Deut Northern 20:8  Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”.
Deut Northern 20:9  Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər.
Deut Northern 20:10  Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın.
Deut Northern 20:11  Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun.
Deut Northern 20:12  Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın.
Deut Northern 20:13  Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.
Deut Northern 20:14  Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz.
Deut Northern 20:15  Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun!
Deut Northern 20:16  Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız.
Deut Northern 20:17  Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki,
Deut Northern 20:18  allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz.
Deut Northern 20:19  Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız?
Deut Northern 20:20  Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz.