Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Prev Up Next Toggle notes
Chapter 31
Deut Northern 31:1  Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:
Deut Northern 31:2  «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, İordan çayının o tayına keçməyəcəyəm.
Deut Northern 31:3  Oranı keçəndə başınızın üstündə Allahınız Rəbb gedəcək və O, millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.
Deut Northern 31:4  Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.
Deut Northern 31:5  Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.
Deut Northern 31:6  Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»
Deut Northern 31:7  Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.
Deut Northern 31:8  Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»
Deut Northern 31:9  Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.
Deut Northern 31:10  Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,
Deut Northern 31:11  bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.
Deut Northern 31:12  Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.
Deut Northern 31:13  Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».
Deut Northern 31:14  Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.
Deut Northern 31:15  Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.
Deut Northern 31:16  Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.
Deut Northern 31:17  Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.
Deut Northern 31:18  Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.
Deut Northern 31:19  İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.
Deut Northern 31:20  Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.
Deut Northern 31:21  Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».
Deut Northern 31:22  Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.
Deut Northern 31:23  Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».
Deut Northern 31:24  Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda
Deut Northern 31:25  Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:
Deut Northern 31:26  «Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.
Deut Northern 31:27  Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.
Deut Northern 31:28  Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.
Deut Northern 31:29  Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».
Deut Northern 31:30  Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.