Site uses cookies to provide basic functionality.

OK
DEUTERONOMY
Prev Up Next Toggle notes
Chapter 32
Deut Northern 32:1  «Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin.
Deut Northern 32:2  Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın,
Deut Northern 32:3  Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin!
Deut Northern 32:4  O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur.
Deut Northern 32:5  Ona xəyanət etdilər, Ona övlad olmadılar, Ona görə rüsvay oldular. Çünki əyri və tərs nəsildirlər.
Deut Northern 32:6  Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?
Deut Northern 32:7  Ötən günləri yadınıza salın, Keçmiş nəsillərin dövrünə nəzər salın, Atanızdan soruşun, o sizə desin, Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin.
Deut Northern 32:8  Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən İsrail övladlarının sayına görə Xalqlara sərhəd qoydu.
Deut Northern 32:9  Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir.
Deut Northern 32:10  Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu.
Deut Northern 32:11  Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi
Deut Northern 32:12  Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
Deut Northern 32:13  Onu yer üzünün yüksəkliklərinə çıxartdı, Zəminin məhsulundan yedirtdi. Onu qayadan süzülən balla, Çaxmaq daşından çəkilən yağla bəslədi.
Deut Northern 32:14  Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi,
Deut Northern 32:15  Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi.
Deut Northern 32:16  Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər.
Deut Northern 32:17  Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər.
Deut Northern 32:18  Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz.
Deut Northern 32:19  Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi.
Deut Northern 32:20  O dedi: “Bax onlardan Mənim üzüm dönəcək, Onların aqibəti görüm necə olacaq? Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər.
Deut Northern 32:21  Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm.
Deut Northern 32:22  Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq.
Deut Northern 32:23  Mən onların üzərinə bəlalar yığacağam, Oxlarımı onlara tuşlayacağam.
Deut Northern 32:24  Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar, Vəbadan tələf olacaqlar. Heyvanların dişlərini, Torpaqda sürünən ilanların zəhərini Onlara sarı göndərəcəyəm.
Deut Northern 32:25  Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək.
Deut Northern 32:26  Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›.
Deut Northern 32:27  Lakin düşmənin istehzasından çəkindim, İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər: ‹Bütün bu işləri Rəbb görməyib, Özümüz zəfər qazanmışıq›”.
Deut Northern 32:28  Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar.
Deut Northern 32:29  Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər.
Deut Northern 32:30  Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi?
Deut Northern 32:31  Həqiqətən, onların qayası Qayamız kimi deyil, Hətta düşmənlərimiz bunu qəbul edir.
Deut Northern 32:32  Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır.
Deut Northern 32:33  Şərabları əfi ilan zəhəridir, Gürzələrin öldürücü ağısıdır.
Deut Northern 32:34  “Məgər bunların hamısını Mən yanımda saxlamamışammı? Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi?
Deut Northern 32:35  Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”.
Deut Northern 32:36  Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən, Nə kölədən, nə azaddan kimsə qalmayarkən Qullarına rəhm edəcək.
Deut Northern 32:37  O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?
Deut Northern 32:38  Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar.
Deut Northern 32:39  İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.
Deut Northern 32:40  Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: ‹Əbədi Varlığıma and olsun ki,
Deut Northern 32:41  Şimşək çaxan qılıncımı itiləyib Hökm etmək üçün əlimə alsam, Düşmənlərimdən qisas alacağam, Mənə nifrət edənlərdən əvəz çıxacağam.
Deut Northern 32:42  Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm; Qılıncım əti, qırılanların, əsir edənlərin qanını, Düşmən rəhbərlərinin başını yeyəcək›”.
Deut Northern 32:43  Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək».
Deut Northern 32:44  Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi.
Deut Northern 32:45  Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda
Deut Northern 32:46  belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.
Deut Northern 32:47  Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».
Deut Northern 32:49  «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör.
Deut Northern 32:50  Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan.
Deut Northern 32:51  Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz.
Deut Northern 32:52  Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».