Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next
Chapter 13
Gene Northern 13:1  İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut da onunla idi.
Gene Northern 13:2  İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.
Gene Northern 13:3  Negevdən çıxıb bir yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə getdi.
Gene Northern 13:4  İbram o vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbə sitayiş etdi.
Gene Northern 13:5  İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi.
Gene Northern 13:6  Birlikdə yaşamaq üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər.
Gene Northern 13:7  İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda Kənanlılar və Perizlilər yaşayırdı.
Gene Northern 13:8  İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq.
Gene Northern 13:9  Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən, mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».
Gene Northern 13:10  Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.
Gene Northern 13:11  Lut özünə İordan çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.
Gene Northern 13:12  İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər öz çadırlarını qurdu.
Gene Northern 13:13  Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
Gene Northern 13:14  Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax.
Gene Northern 13:15  Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə verəcəyəm.
Gene Northern 13:16  Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin nəslini də saya bilər.
Gene Northern 13:17  Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm».
Gene Northern 13:18  İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.