Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 50
Gene Northern 50:1  Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü.
Gene Northern 50:2  Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar.
Gene Northern 50:3  Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular.
Gene Northern 50:4  Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki,
Gene Northern 50:5  atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
Gene Northern 50:6  Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır».
Gene Northern 50:7  Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları,
Gene Northern 50:8  Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular.
Gene Northern 50:9  Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi.
Gene Northern 50:10  Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu.
Gene Northern 50:11  O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi.
Gene Northern 50:12  Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər.
Gene Northern 50:13  Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.
Gene Northern 50:14  Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı.
Gene Northern 50:15  Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?»
Gene Northern 50:16  Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin:
Gene Northern 50:17  “Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı.
Gene Northern 50:18  Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq».
Gene Northern 50:19  Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz?
Gene Northern 50:20  Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun.
Gene Northern 50:21  Daha qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.
Gene Northern 50:22  Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü.
Gene Northern 50:23  O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu.
Gene Northern 50:24  Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».
Gene Northern 50:25  Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».
Gene Northern 50:26  Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.