Site uses cookies to provide basic functionality.

OK
GENESIS
Prev Up Next Toggle notes
Chapter 41
Gene Northern 41:1  İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı.
Gene Northern 41:2  Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.
Gene Northern 41:3  Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar.
Gene Northern 41:4  Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.
Gene Northern 41:5  Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı.
Gene Northern 41:6  Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.
Gene Northern 41:7  Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.
Gene Northern 41:8  Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.
Gene Northern 41:9  Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım:
Gene Northern 41:10  bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı.
Gene Northern 41:11  Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük.
Gene Northern 41:12  Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi.
Gene Northern 41:13  O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».
Gene Northern 41:14  Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi.
Gene Northern 41:15  Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən».
Gene Northern 41:16  Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək».
Gene Northern 41:17  Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam.
Gene Northern 41:18  Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı.
Gene Northern 41:19  Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm.
Gene Northern 41:20  Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər.
Gene Northern 41:21  Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım.
Gene Northern 41:22  Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı.
Gene Northern 41:23  Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi.
Gene Northern 41:24  Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı».
Gene Northern 41:25  Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi.
Gene Northern 41:26  Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir.
Gene Northern 41:27  Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq.
Gene Northern 41:28  Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi.
Gene Northern 41:29  Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq.
Gene Northern 41:30  Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq.
Gene Northern 41:31  Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq.
Gene Northern 41:32  Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək.
Gene Northern 41:33  Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin.
Gene Northern 41:34  Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın.
Gene Northern 41:35  Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar.
Gene Northern 41:36  Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».
Gene Northern 41:37  Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi.
Gene Northern 41:38  Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?»
Gene Northern 41:39  Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur.
Gene Northern 41:40  Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam».
Gene Northern 41:41  Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm».
Gene Northern 41:42  Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı.
Gene Northern 41:43  Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu.
Gene Northern 41:44  Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək».
Gene Northern 41:45  Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.
Gene Northern 41:46  Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı.
Gene Northern 41:47  Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi.
Gene Northern 41:48  Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı.
Gene Northern 41:49  Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.
Gene Northern 41:50  Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu.
Gene Northern 41:51  Yusif ilk oğlunun adını Menaşşe qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu».
Gene Northern 41:52  İkinci oğlunun adını Efrayim qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».
Gene Northern 41:54  Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi.
Gene Northern 41:55  Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin».
Gene Northern 41:56  Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi.
Gene Northern 41:57  Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.