Site uses cookies to provide basic functionality.

OK
HOSEA
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Prev Up Next
Chapter 7
Hose Northern 7:1  İsrailə şəfa vermək istəyəndə Efrayimin günahları, Samariyanın pislikləri ortaya çıxır. Çünki hiylə ilə davranırlar. Evlərə oğru girir, Küçədə quldur soyğunçuluq edir.
Hose Northern 7:2  Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir.
Hose Northern 7:3  Padşahı pislikləri ilə, Başçıları yalanları ilə sevindirirlər.
Hose Northern 7:4  Hamısı zinakardır, Yoğrulan xəmir acıyana qədər Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi Soba kimi şəhvətlə yanırlar.
Hose Northern 7:5  Padşahımızın ad günündə Başçılar şərabın atəşindən xəstələndi, Padşah da istehzaçılarla əl-ələ verdi.
Hose Northern 7:6  Pusquda yatarkən Ürəkləri soba kimi qızar. Qəzəbləri bütün gecə için-için yanar, Səhər də alovlu atəş kimi parlayar.
Hose Northern 7:7  Onların hamısı soba kimi qızışıb Öz hakimlərini həlak etdi. Bütün padşahları yıxıldı, Aralarında Məni çağıran yoxdur.
Hose Northern 7:8  Efrayim başqa xalqlara qarışır; Efrayim bir üzü çiy qalan kökədir.
Hose Northern 7:9  Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.
Hose Northern 7:10  İsrailin qüruru özünə qarşı şəhadət edir. Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür, Onu axtarmırlar.
Hose Northern 7:11  Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir. Gah Misirliləri çağırır, Gah Aşşura gedirlər.
Hose Northern 7:12  Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.
Hose Northern 7:13  Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir.
Hose Northern 7:14  Ürəkdən Mənə fəryad etmirlər, Ancaq yataqlarının içində ulayırlar. Taxıl və təzə şərab üçün özlərini yaralayırlar, Amma Məndən üz döndərirlər.
Hose Northern 7:15  Mən onlara nəsihət verdim, Qollarına güc verdim. Onlarsa Mənə qarşı qəsd qurur.
Hose Northern 7:16  Onlar üz tutur, Ancaq ucalara tərəf yox. Hədəfi əyri vuran kamana bənzəyirlər. Dillərinin arsızlığı üzündən Başçıları qılınca tuş gələcək. Buna görə də Misirdə Kinayə hədəfi olacaqlar.