Site uses cookies to provide basic functionality.

OK
II KINGS
Prev Up Next Toggle notes
Chapter 14
II K Northern 14:1  İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu.
II K Northern 14:2  O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.
II K Northern 14:3  Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi.
II K Northern 14:4  Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.
II K Northern 14:5  Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü.
II K Northern 14:6  Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».
II K Northern 14:7  O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir.
II K Northern 14:8  O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq».
II K Northern 14:9  İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.
II K Northern 14:10  Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»
II K Northern 14:11  Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.
II K Northern 14:12  Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı.
II K Northern 14:13  İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.
II K Northern 14:14  Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.
II K Northern 14:15  Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
II K Northern 14:16  Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu.
II K Northern 14:17  Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.
II K Northern 14:18  Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
II K Northern 14:19  Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər.
II K Northern 14:20  Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar.
II K Northern 14:21  Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı götürüb atası Amasyanın yerinə padşah etdi.
II K Northern 14:22  Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi.
II K Northern 14:23  Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi.
II K Northern 14:24  O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi.
II K Northern 14:25  Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı.
II K Northern 14:26  Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı.
II K Northern 14:27  Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi.
II K Northern 14:28  Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
II K Northern 14:29  Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu.