Site uses cookies to provide basic functionality.

OK
II KINGS
Prev Up Next
Chapter 8
II K Northern 8:1  Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq».
II K Northern 8:2  Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı.
II K Northern 8:3  Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi.
II K Northern 8:4  O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış».
II K Northern 8:5  O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır».
II K Northern 8:6  Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver».
II K Northern 8:7  Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər.
II K Northern 8:8  Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».
II K Northern 8:9  Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».
II K Northern 8:10  Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək».
II K Northern 8:11  Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı.
II K Northern 8:12  Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan».
II K Northern 8:13  Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan».
II K Northern 8:14  Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan».
II K Northern 8:15  Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu.
II K Northern 8:16  İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu.
II K Northern 8:17  O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.
II K Northern 8:18  Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.
II K Northern 8:19  Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.
II K Northern 8:20  Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.
II K Northern 8:21  Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı.
II K Northern 8:22  Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar.
II K Northern 8:23  Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
II K Northern 8:24  Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu.
II K Northern 8:25  İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu.
II K Northern 8:26  Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi.
II K Northern 8:27  Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi.
II K Northern 8:28  O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar.
II K Northern 8:29  Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi.