Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 21
II S Northern 21:1  Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.
II S Northern 21:2  Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı.
II S Northern 21:3  Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?»
II S Northern 21:4  Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm».
II S Northern 21:5  Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin.
II S Northern 21:6  Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».
II S Northern 21:7  Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.
II S Northern 21:8  Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb
II S Northern 21:9  Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.
II S Northern 21:10  Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu.
II S Northern 21:11  Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər.
II S Northern 21:12  Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı.
II S Northern 21:13  Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar.
II S Northern 21:14  Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.
II S Northern 21:15  Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu.
II S Northern 21:16  Rafa övladlarından İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı.
II S Northern 21:17  Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».
II S Northern 21:18  Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü.
II S Northern 21:19  Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.
II S Northern 21:20  Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.
II S Northern 21:21  O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.
II S Northern 21:22  Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.