Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 11
II S Northern 11:1  Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.
II S Northern 11:2  Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.
II S Northern 11:3  Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».
II S Northern 11:4  Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.
II S Northern 11:5  Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.
II S Northern 11:6  Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.
II S Northern 11:7  Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.
II S Northern 11:8  Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.
II S Northern 11:9  Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.
II S Northern 11:10  Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»
II S Northern 11:11  Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».
II S Northern 11:12  Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.
II S Northern 11:13  Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.
II S Northern 11:14  Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.
II S Northern 11:15  Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».
II S Northern 11:16  Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.
II S Northern 11:17  Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.
II S Northern 11:18  Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.
II S Northern 11:19  Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən
II S Northern 11:20  padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?
II S Northern 11:21  Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».
II S Northern 11:22  Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.
II S Northern 11:23  Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.
II S Northern 11:24  Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».
II S Northern 11:25  Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».
II S Northern 11:26  Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.
II S Northern 11:27  Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.