Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 14
II S Northern 14:1  Seruya oğlu Yoav başa düşdü ki, padşah Avşalomun həsrətini çəkir.
II S Northern 14:2  Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət.
II S Northern 14:3  Padşahın yanına gedib ona belə söyləyərsən». Yoav qadına nə demək lazım olduğunu öyrətdi.
II S Northern 14:4  Teqoalı qadın padşahın hüzurunda üzüstə yerə döşəndi və ona müraciət edib belə dedi: «Kömək et, ey padşah!»
II S Northern 14:5  Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb.
II S Northern 14:6  Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü.
II S Northern 14:7  Bax bütün nəsil mənə – kənizinə qarşı çıxdı və “qardaş qatilini bizə ver, öldürdüyü qardaşının canının əvəzinə onu öldürək, qoy mirasa varis olan qardaş da həlak olsun” dedilər. Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».
II S Northern 14:8  Padşah qadına dedi: «Evinə qayıt. Mən sənin haqqında əmr verərəm».
II S Northern 14:9  Teqoalı qadın padşaha dedi: «Ağam padşah, günahın qoy mənim və atamın nəsli üzərinə düşsün! Qoy padşahla taxtı günahsız qalsın!»
II S Northern 14:10  Padşah dedi: «Kim sənə bir söz desə, onu mənim yanıma gətir, heç kim sənə toxuna bilməz».
II S Northern 14:11  Qadın dedi: «Rica edirəm, padşah Allahı Rəbbi xatırlasın ki, qan qisasını alaraq qırğını davam etdirməsin, yoxsa onlar mənim oğlumu həlak edəcək». Davud dedi: «Var olan Rəbb haqqı, oğlunun başından bir tük belə, əskik olmayacaq».
II S Northern 14:12  Qadın dedi: «Rica edirəm, izin ver, kənizin ağam padşaha bir söz söyləsin». O «söylə» dedi.
II S Northern 14:13  Qadın dedi: «Əgər belə olarsa, nə üçün Allahın xalqına qarşı bu cür iş gördün? Çünki padşahın bu sözü onun özünü də mühakimə edir. Ona görə ki sürgün etdiyi adamı qaytarıb geri gətirtmir.
II S Northern 14:14  Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin.
II S Northern 14:15  İndi ağam padşaha bu sözü söyləmək üçün gəlməyimin səbəbi budur ki, xalq məni qorxutdu və bu kənizin dedi: “Qoy indi gedib bunu padşaha söyləyim, bəlkə padşah kənizinin xahişini yerinə yetirər.
II S Northern 14:16  Ona görə ki padşah bu kənizini eşidəcək və oğlunu Allahın irs olaraq verdiyi torpaqdan qoparıb atmaq istəyənin əlindən qurtaracaq”.
II S Northern 14:17  Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!»
II S Northern 14:18  Bu sözdən sonra padşah qadına belə dedi: «Səndən bir şey soruşacağam, cavabını məndən gizlətmə». Qadın dedi: «Ağam padşah, söylə, rica edirəm».
II S Northern 14:19  Padşah dedi: «Sənin bu işlərinin hamısında Yoavın da əli varmı?» Qadın cavab verdi: «Ağam padşah sağ olsun, padşahın sözündən heç kim nə sağa, nə də sola dönə bilməz. Qulun Yoav mənə əmr etdi və bu sözlərin hamısını kənizinə o öyrətdi.
II S Northern 14:20  Qulun Yoav bunu işin istiqamətini dəyişmək üçün etdi. Ağam Allahın mələyi qədər müdrikdir, ölkədə olub-keçən hər şeyi bilir».
II S Northern 14:21  Padşah Yoava dedi: «Yaxşı, bu işi görərəm. Get, o cavanı – Avşalomu geri qaytar».
II S Northern 14:22  Yoav üzüstə düşüb yerə döşəndi və padşahı alqışladı. Sonra Yoav dedi: «Ağam padşah, bu gün sənin gözündə lütf tapdığını bu qulun bilir, çünki padşah qulunun ricasına əməl etdi».
II S Northern 14:23  Yoav durub Geşura gedib Avşalomu Yerusəlimə gətirdi.
II S Northern 14:24  Lakin padşah dedi: «Qoy o öz evinə qayıtsın, mənim gözümə görünməsin». Avşalom evinə qayıtdı və padşahın gözünə görünmədi.
II S Northern 14:25  Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi.
II S Northern 14:26  Hər ilin sonunda saçı ona ağırlıq etdiyi üçün kəsərdi, başından saçını kəsəndə saçı padşah tərəzisi ilə iki yüz şekel gələrdi.
II S Northern 14:27  Avşalomun üç oğlu və Tamar adında bir qızı vardı. Tamar çox gözəl bir qadın olmuşdu.
II S Northern 14:28  Avşalom tam iki il Yerusəlimdə qaldı və padşahın gözünə görünmədi.
II S Northern 14:29  O, Yoavı padşahın yanına göndərmək üçün onun yanına adam göndərdi, amma Yoav onun yanına gəlmək istəmədi. Avşalom ikinci dəfə Yoavın yanına adam göndərdi və o yenə də gəlmək istəmədi.
II S Northern 14:30  Sonra Avşalom qullarına dedi: «Baxın Yoavın tarlası mənimkinə bitişikdir və orada onun arpası var. Gedib ora od vurun». Avşalomun qulları gedib tarlaya od vurdular.
II S Northern 14:31  Yoav durub Avşalomun evinə gəlib dedi: «Niyə sənin qulların gəlib mənim tarlama od vurdular?»
II S Northern 14:32  Avşalom Yoava dedi: «Bax sənin yanına adam göndərdim, dedim ki, buraya gələsən. “Söylə, mən Geşurdan buraya nə üçün gəlmişəm? Orada qalsaydım, mənim üçün bundan daha yaxşı olardı” deyərək səni padşahın yanına göndərmək istəyirdim. İndi gedib padşahın gözünə görünüm, günahım varsa, qoy məni öldürsün».
II S Northern 14:33  Yoav da padşahın yanına gəlib bunu ona bildirdi və padşah Avşalomu çağırdı. Avşalom padşahın yanına gedib onun qarşısında üzüstə yerə təzim etdi və padşah onu öpdü.