Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 18
II S Northern 18:1  Davud yanındakı xalqı saydı. Onların üzərinə minbaşılar və yüzbaşılar təyin etdi.
II S Northern 18:2  Davud xalqı üç dəstəyə böldü. Birincisinə Yoavı, ikincisinə Yoavın qardaşını – Seruya oğlu Avişayı, üçüncüsünə isə Qatlı Yettayı başçı etdi. Padşah xalqa dedi: «Mütləq mən də sizinlə bərabər döyüşə çıxacağam».
II S Northern 18:3  Lakin xalq ona dedi: «Yox, sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır».
II S Northern 18:4  Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı.
II S Northern 18:5  Padşah Yoava, Avişaya və Yettaya müraciətlə əmr edib dedi: «Mənim xatirimə o cavanla – Avşalomla mülayim davranın!» Padşahın Avşalomla əlaqədar bütün bu rəislərə müraciətlə əmrini bütün xalq eşitdi.
II S Northern 18:6  Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu.
II S Northern 18:7  İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı.
II S Northern 18:8  Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu.
II S Northern 18:9  Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi.
II S Northern 18:10  Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm».
II S Northern 18:11  Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim».
II S Northern 18:12  Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik.
II S Northern 18:13  Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin».
II S Northern 18:14  Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı.
II S Northern 18:15  Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü.
II S Northern 18:16  Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu.
II S Northern 18:17  Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar.
II S Northern 18:18  Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.
II S Northern 18:19  Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim».
II S Northern 18:20  Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb».
II S Northern 18:21  Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı.
II S Northern 18:22  Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan».
II S Northern 18:23  O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü.
II S Northern 18:24  Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır.
II S Northern 18:25  Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı.
II S Northern 18:26  Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir».
II S Northern 18:27  Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir».
II S Northern 18:28  Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi».
II S Northern 18:29  Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim».
II S Northern 18:30  Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı.
II S Northern 18:31  Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı».
II S Northern 18:32  Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun».
II S Northern 18:33  Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»