Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next
Chapter 13
II S Northern 13:1  Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu.
II S Northern 13:2  Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi.
II S Northern 13:3  Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi.
II S Northern 13:4  Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam».
II S Northern 13:5  Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”».
II S Northern 13:6  Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim».
II S Northern 13:7  Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla».
II S Northern 13:8  Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi.
II S Northern 13:9  Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı.
II S Northern 13:10  Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı.
II S Northern 13:11  Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım».
II S Northern 13:12  Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə.
II S Northern 13:13  Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz».
II S Northern 13:14  Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı.
II S Northern 13:15  Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi.
II S Northern 13:16  Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür».
II S Northern 13:17  Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla».
II S Northern 13:18  Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı.
II S Northern 13:19  Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü.
II S Northern 13:20  Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı.
II S Northern 13:21  Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi.
II S Northern 13:22  Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi.
II S Northern 13:23  İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi.
II S Northern 13:24  O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin».
II S Northern 13:25  Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi.
II S Northern 13:26  Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?»
II S Northern 13:27  Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi.
II S Northern 13:28  Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».
II S Northern 13:29  Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı.
II S Northern 13:30  Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb».
II S Northern 13:31  Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar.
II S Northern 13:32  Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi.
II S Northern 13:33  Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb».
II S Northern 13:34  Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi.
II S Northern 13:35  Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu».
II S Northern 13:36  O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər.
II S Northern 13:37  Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu.
II S Northern 13:39  Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı.