Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 1
II S Northern 1:1  Şaulun ölümündən sonra Davud Amaleqliləri məğlub edib qayıdan zaman iki gün Ziqlaqda qaldı.
II S Northern 1:2  Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi.
II S Northern 1:3  Davud ondan soruşdu: «Haradan gəlirsən?» Həmin adam ona dedi: «Qaçıb canımı İsrail ordugahından qurtardım».
II S Northern 1:4  Davud ona dedi: «Orada nə baş verib? Rica edirəm, mənə de». O dedi: «Ordu döyüş meydanından qaçdı və onların bir çoxu qırılıb öldü. Şaulla oğlu Yonatan da həlak oldu».
II S Northern 1:5  Davud ona xəbər verən cavan adamdan soruşdu: «Bəs sən haradan bildin ki, Şaulla Yonatan da öldü?»
II S Northern 1:6  Davuda xəbər verən cavan belə dedi: «Təsadüfən Gilboa dağında idim və gördüm ki, Şaul nizəsinə söykənərək dayanıb. Atlılar və döyüş arabaları isə artıq ona çatmaqda idi.
II S Northern 1:7  Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”.
II S Northern 1:8  O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm.
II S Northern 1:9  Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”.
II S Northern 1:10  Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim».
II S Northern 1:11  Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər.
II S Northern 1:12  Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı və bütün İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular, çünki onlar qılıncdan keçirilərək həlak olmuşdu.
II S Northern 1:13  Davud əhvalatı ona danışan cavana dedi: «Haralısan?» O cavab verdi: «Mən yadelliyəm, bir Amaleqlinin oğluyam».
II S Northern 1:14  Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?»
II S Northern 1:15  Davud adamlarından birini çağırıb dedi: «Get, onu öldür». O da Amaleqlini vurub öldürdü.
II S Northern 1:16  Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi».
II S Northern 1:17  Davud Şaul və oğlu Yonatanın yasında bu mərsiyəni oxudu.
II S Northern 1:18  Sonra tapşırdı ki, «Oxatan yay» adlı bu mərsiyəni Yəhuda övladlarına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır:
II S Northern 1:19  Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü! Necə də igidlər qırıldı!
II S Northern 1:20  Filiştlilərin qızları sevinməsinlər deyə, Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə Bunu Qatda bildirməyin, Aşqelon küçələrində yaymayın.
II S Northern 1:21  Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı.
II S Northern 1:22  Öldürülənlərin qanına, igidlərin piyinə görə Yonatanın yayı geri dönməzdi, Şaulun qılıncı boş qayıtmazdı.
II S Northern 1:23  Şaul ilə Yonatan necə sevimli, əziz, Həyatda və ölümdə ayrılmaz oldunuz siz. Onlar qartallardan sürətli idi, Aslanlardan qüvvətli idi.
II S Northern 1:24  Ey İsrail qızları, ağlayın Şaul üçün. O sizə qiymətli al qumaşlar geydirərdi, Geyiminizə qızıl naxışlar vurardı.
II S Northern 1:25  Ah, döyüş meydanında necə də igidlər qırıldı! Yonatan sənin yüksək təpələrində həlak oldu.
II S Northern 1:26  Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar. Sən mənə çox əziz idin. Sənin sevgin mənim üçün heyranedici idi, Qadın sevgisindən də üstün idi.
II S Northern 1:27  İgidlər necə də qırıldı! Döyüş silahları necə də yox oldu!