Site uses cookies to provide basic functionality.

OK
JEREMIAH
Prev Up Next
Chapter 20
Jere Northern 20:1  Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi.
Jere Northern 20:2  Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə saldı.
Jere Northern 20:3  Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv qoydu.
Jere Northern 20:4  Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək.
Jere Northern 20:5  Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar.
Jere Northern 20:6  Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».
Jere Northern 20:7  Ya Rəbb, Sən məni məcbur etdin, Mən də məcbur oldum. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, Hər kəs mənimlə əylənir.
Jere Northern 20:8  Çünki mən danışmağa başlayan kimi Fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü Mən bütün gün rüsvay oldum, Təhqir edildim.
Jere Northern 20:9  Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, Ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, Artıq bunu edə bilmirəm.
Jere Northern 20:10  Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər.
Jere Northern 20:11  Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq.
Jere Northern 20:12  Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, Fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın Qisası görsün! Çünki işimi Sənə tapşırdım.
Jere Northern 20:13  Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri Zalımların əlindən qurtardı.
Jere Northern 20:14  Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün!
Jere Northern 20:15  Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin.
Jere Northern 20:16  Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin.
Jere Northern 20:17  Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı.
Jere Northern 20:18  Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?