Site uses cookies to provide basic functionality.

OK
JEREMIAH
Prev Up Next
Chapter 26
Jere Northern 26:1  Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının əvvəlində Rəbdən bu söz nazil oldu:
Jere Northern 26:2  «Rəbb belə deyir: “Rəbbin məbədinin həyətində dur, ibadət etmək üçün Yəhuda şəhərlərindən oraya gələn hər kəsə müraciət et. Sənə buyurduğum hər şeyi onlara bildir, bir söz də əskiltmə.
Jere Northern 26:3  Bəlkə qulaq asarlar, öz pis yollarından dönərlər. Mən də pis əməllərinə görə başlarına gətirəcəyim fəlakətdən vaz keçərəm”.
Jere Northern 26:4  Onlara söylə ki, Rəbb belə deyir: “Əgər sizə verdiyim qanuna görə davranmasanız, Mənə qulaq asmasanız,
Jere Northern 26:5  dəfələrlə sizin yanınıza göndərdiyim qullarım olan peyğəmbərlərin sözlərinə qulaq asmasanız – necə ki qulaq asmırsınız – o zaman
Jere Northern 26:6  bu məbədi də Şilo kimi edəcəyəm, bu şəhəri yer üzünün bütün millətləri arasında lənətə düçar edəcəyəm”».
Jere Northern 26:7  Kahinlər, peyğəmbərlər və bütün xalq Yeremyanın Rəbbin məbədində söylədiyi bu sözləri eşitdi.
Jere Northern 26:8  Yeremya Rəbbin xalqa çatdırmasını buyurduğu sözləri deyib qurtaranda kahinlər, peyğəmbərlər və oradakı bütün xalq onu tutub söylədi: «Sən ölməlisən.
Jere Northern 26:9  Nə üçün “bu məbəd Şilo kimi olacaq, bu şəhər xaraba qalacaq, orada yaşayan olmayacaq” deyib Rəbbin adı ilə peyğəmbərlik edirsən?» Rəbbin məbədində olan bütün xalq Yeremyanın ətrafına yığıldı.
Jere Northern 26:10  Yəhuda başçıları bunları eşidən kimi padşah sarayından çıxıb Rəbbin məbədinə qalxdı və məbədin Yeni darvazasının girəcəyində oturdu.
Jere Northern 26:11  O zaman kahinlər və peyğəmbərlər başçılara və bütün xalqa söylədi: «Bu adam ölümə layiqdir, çünki öz qulağınızla eşitdiyiniz kimi bu şəhərin əleyhinə peyğəmbərlik etdi».
Jere Northern 26:12  Onda Yeremya bütün başçılara və xalqa dedi: «Rəbb məni göndərdi ki, bu məbədin və şəhərin əleyhinə eşitdiyiniz bütün peyğəmbərlik sözlərini bildirim.
Jere Northern 26:13  İndi yaşayışınızı və əməllərinizi islah edin. Allahınız Rəbbin sözünə qulaq asın. O zaman Rəbb başınıza gətirəcəyini bildirdiyi bəladan vaz keçəcək.
Jere Northern 26:14  Mən isə sizin ixtiyarınızdayam. Gözünüzdə nə yaxşı və düzdürsə, mənimlə eləcə də rəftar edin.
Jere Northern 26:15  Ancaq yaxşı bilin ki, məni öldürsəniz, günahsız qanın məsuliyyətini özünüzün, bu şəhərin və orada yaşayanların üzərinə götürmüş olursunuz. Çünki Rəbb, həqiqətən, məni yanınıza göndərdi ki, bütün bu sözləri sizə çatdırım».
Jere Northern 26:16  Başçılar və bütün xalq kahinlərə və peyğəmbərlərə dedi: «Bu adama ölüm hökmü çıxarmaq olmaz, çünki bizimlə Allahımız Rəbbin adından danışdı».
Jere Northern 26:17  Ölkə ağsaqqallarından bir neçəsi qalxıb toplaşmış bütün xalqa dedi:
Jere Northern 26:18  «Yəhuda padşahı Xizqiyanın dövründə Moreşetli Mikeya peyğəmbərlik edib bütün Yəhuda xalqına söylədi ki, Ordular Rəbbi belə deyir: “Sion tarla kimi şumlanacaq, Yerusəlim daş qalağına dönəcək, Məbədin tikildiyi dağ Meşəli təpələrə çevriləcək”.
Jere Northern 26:19  Yəhuda padşahı Xizqiya yaxud Yəhuda xalqından biri onu öldürdümü? Əksinə, Xizqiya Rəbdən qorxub Ondan lütf istədi, Rəbb də onlara göndərəcəyini söylədiyi bəladan vaz keçdi. Biz isə özümüzə böyük pislik gətirmək təhlükəsindəyik».
Jere Northern 26:20  Qiryat-Yearimli Şemaya oğlu Uriya adlı bir adam da Rəbbin adı ilə peyğəmbərlik edirdi. O da eynilə Yeremya kimi danışaraq bu şəhərin və ölkənin əleyhinə peyğəmbərlik edirdi.
Jere Northern 26:21  Padşah Yehoyaqim, bütün cəngavərləri və başçıları onun sözlərini eşitdi. Padşah onu öldürmək istədi. Ancaq Uriya bunu eşidən kimi qorxub Misirə qaçdı.
Jere Northern 26:22  Bundan sonra padşah Yehoyaqim öz adamlarını – Akbor oğlu Elnatanı və bir neçə nəfəri Misirə göndərdi.
Jere Northern 26:23  Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.
Jere Northern 26:24  Ancaq Yeremya öldürülmək üçün xalqa təslim edilmədi, çünki Şafan oğlu Axiqam onu qorudu.