Site uses cookies to provide basic functionality.

OK
JEREMIAH
Prev Up Next Toggle notes
Chapter 32
Jere Northern 32:1  Yəhuda padşahı Sidqiyanın padşahlığının onuncu, Navuxodonosorun padşahlığının on səkkizinci ilində Rəbdən Yeremyaya söz nazil oldu.
Jere Northern 32:2  Bu zaman Babil padşahının ordusu Yerusəlimi mühasirəyə almışdı. Yeremya peyğəmbər Yəhuda padşahının sarayındakı mühafizəçilər həyətində məhbus idi.
Jere Northern 32:3  Yəhuda padşahı Sidqiya onu burada həbs edərək demişdi: «Sən nə üçün bu cür peyğəmbərlik edib söyləyirsən ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm, o buranı ələ keçirəcək.
Jere Northern 32:4  Yəhuda padşahı Sidqiya Xaldeylilərin əlindən qaçıb qurtarmayacaq, hökmən Babil padşahına təslim ediləcək. Onunla üz-üzə söhbət edəcək, göz-gözə dayanacaq.
Jere Northern 32:5  Sidqiya Babilə aparılacaq, Mən ona baş çəkənə qədər orada qalacaq. Əgər Xaldeylilərlə vuruşsanız, uğur qazanmayacaqsınız?” Rəbb belə bəyan edir».
Jere Northern 32:6  Yeremya dedi: «Mənə Rəbbin bu sözü nazil oldu:
Jere Northern 32:7  “Əmin Şallum oğlu Xanamel sənin yanına gəlib deyəcək ki, Anatotdakı tarlamı satın al. Çünki qəyyumum kimi tarlamın geri satınalma hüququ sənə məxsusdur”.
Jere Northern 32:8  Sonra Rəbbin sözünə uyğun olaraq əmim oğlu Xanamel mühafizəçilər həyətində yanıma gəlib dedi: “Binyamin bölgəsində olan Anatotdakı tarlamı satın al, çünki miras haqqı da, qəyyumluq haqqı da sənə məxsusdur. Onu özün üçün satın al”. O zaman Rəbb sözünün yerinə yetdiyini başa düşdüm.
Jere Northern 32:9  Beləcə Anatotdakı tarlanı əmim oğlu Xanameldən satın aldım. Tarlanın əvəzində ona on yeddi şekel gümüş çəkib verdim.
Jere Northern 32:10  Satış qəbzini çağırdığım şahidlərin önündə imzalayıb möhürlədim, gümüşü tərəzidə çəkdim.
Jere Northern 32:11  Qayda-qanunlar yazılmış, möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürdüm.
Jere Northern 32:12  Əmim oğlu Xanamelin, satış qəbzini imzalayan şahidlərin və mühafizəçilər həyətində oturan bütün Yəhudalıların gözü önündə satış qəbzini Maxseya oğlu Neriya oğlu Baruka verdim.
Jere Northern 32:13  Onların gözü önündə Baruka əmr edib dedim:
Jere Northern 32:14  “İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: ‹Uzun müddət qalsın deyə bu möhürlənmiş satış qəbzini və açıq müqavilə kağızını götürüb bir gil qabın içinə qoy›”.
Jere Northern 32:15  Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bu ölkədə yenə evlər, tarlalar və bağlar satın alınacaq”.
Jere Northern 32:16  Satış qəbzini Neriya oğlu Baruka verdikdən sonra Rəbbə dua edib dedim:
Jere Northern 32:17  “Ah Xudavənd Rəbb, böyük gücünlə və uzanan qolunla yeri, göyü yaratdın. Edə bilməyəcəyin heç bir şey yoxdur.
Jere Northern 32:18  Sən minlərlə insana məhəbbət göstərirsən, amma ataların etdiyi günahların əvəzini övladlarından alırsan. Sən böyük və güclü Allahsan, adın Ordular Rəbbidir.
Jere Northern 32:19  Tədbirlərin əzəmətli, işlərin böyükdür! İnsanların bütün əməlləri Sənin nəzərin altındadır, hər kəsə işlərinə və etdiklərinin nəticəsinə görə əvəz verirsən.
Jere Northern 32:20  Sən Misirdə, İsraildə və bütün insanlar arasında bu günə qədər əlamətlər və möcüzələr göstərdin. Bu gün olduğu kimi şöhrət qazandın.
Jere Northern 32:21  Sən Öz xalqın İsraili əlamətlərlə, möcüzələrlə, qüdrətli əllə, uzanan qolunla böyük dəhşət saçaraq Misir torpağından çıxartdın.
Jere Northern 32:22  Atalarına verəcəyinə and içdiyin bu torpağı – süd və bal axan torpağı onlara verdin.
Jere Northern 32:23  Onlar gəlib torpağı özlərinə mülk etdilər, amma Sənin sözünə qulaq asmadılar, Sənin qanununa uyğun yaşamadılar, əmr etdiyin şeylərin heç birinə əməl etmədilər. Buna görə də bütün bu fəlakətləri başlarına gətirdin.
Jere Northern 32:24  Şəhəri ələ keçirmək üçün divarlarının yanına torpaq qalaqları yığılır. Şəhər qılınc, aclıq və vəba üzündən oraya hücum edən Xaldeylilərə təslim ediləcək. Söylədiklərin yerinə yetdi, Sən də bunu görürsən!
Jere Northern 32:25  Amma, ya Xudavənd Rəbb, Sən mənə ‹tarlanı gümüşlə özün üçün satın al və şahidlər çağır› dedin. Şəhər isə Xaldeylilərə təslim edilir”».
Jere Northern 32:27  «Bütün bəşərin Allahı Rəbb Mənəm. Mənim edə bilməyəcəyim bir şey varmı?
Jere Northern 32:28  Buna görə də Rəbb belə deyir: “Bax Mən bu şəhəri Xaldeylilərə və Babil padşahı Navuxodonosora təslim edəcəyəm, o da oranı alacaq.
Jere Northern 32:29  Şəhərə hücum edən Xaldeylilər gəlib oraya od vuracaq. Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında Baalın şərəfinə buxur yandırıb başqa allahlara içmə təqdimləri gətirərək Məni qəzəbləndirmişdilər.
Jere Northern 32:30  Çünki İsrail və Yəhuda övladları cavanlıqlarından bəri həmişə gözümdə pis olan işlər görür. İsrail övladları gördükləri işlərlə Məni qəzəbləndirməkdən başqa bir şey etmədi” Rəbb belə bəyan edir.
Jere Northern 32:31  “Bu şəhər tikildiyi vaxtdan indiyə qədər Məni o qədər qəzəbləndirdi ki, onu önümdən rədd edib atacağam.
Jere Northern 32:32  Çünki İsrail və Yəhuda övladlarının – özlərinin, padşahlarının, başçılarının, kahinlərinin, peyğəmbərlərinin, Yəhudada və Yerusəlimdə yaşayanların Məni qəzəbləndirmək üçün etdikləri pisliklərin sayı-hesabı yoxdur.
Jere Northern 32:33  Onlar Mənə üzlərini deyil, arxalarını çevirdi. Onları dəfələrlə öyrətdimsə də, Mənə qulaq asmadılar və dərs almadılar.
Jere Northern 32:34  Mənim adımla çağırılan bu məbədə iyrənc bütlərini qoyaraq onu murdarladılar.
Jere Northern 32:35  Ben-Hinnom dərəsində Molek bütünə qurban olaraq oğullarını və qızlarını odda qurban etməkdən ötrü Baal üçün səcdəgahlar qurdular. Mən belə iyrənc bir şeyi etməyi və Yəhudanı günaha batırmağı nə onlara buyurdum, nə də ağlıma gətirdim.
Jere Northern 32:36  Siz bu şəhər barədə ‹qılınc, aclıq və vəba ilə Babil padşahına təslim edilir› deyirsiniz”. Amma indi İsrailin Allahı Rəbb deyir:
Jere Northern 32:37  “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm.
Jere Northern 32:38  Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı olacağam.
Jere Northern 32:39  Onlara eyni ürək, eyni həyat tərzi verəcəyəm ki, özlərinin və övladlarının yaxşılığı üçün Mənə həmişə hörmət etsinlər.
Jere Northern 32:40  Onlarla əbədi bir əhd bağlayacağam. Onlara yaxşılıq etməkdən dönməyəcəyəm, ürəklərinə elə təsir edəcəyəm ki, Mənə hörmət etsinlər və Məndən heç vaxt ayrılmasınlar.
Jere Northern 32:41  Onlara yaxşılıq etməyə şad olacağam. Həqiqətən, bütün ürəyimlə, bütün canımla onları bu ölkədə dirçəldəcəyəm”.
Jere Northern 32:42  Rəbb belə deyir: “Bu xalqın başına bütün bu böyük fəlakətləri necə gətirdimsə, söz verdiyim bütün yaxşılıqları da onlara bəxş edəcəyəm.
Jere Northern 32:43  Sizin ‹viran olmuş, insansız, heyvansız qalmış, Xaldeylilərə təslim olunmuş› dediyiniz bu torpaqda yenə tarlalar satın alınacaq.
Jere Northern 32:44  Binyamin bölgəsində, Yerusəlim ətrafındakı kəndlərdə, Yəhuda şəhərlərində, dağlıq bölgənin, yamaclı-düzənlikli bölgənin və Negevin şəhərlərində tarlalar gümüşlə satın alınacaq, satış qəbzləri şahidlərin önündə imzalanıb möhürlənəcək, çünki onların sürgün olunmuşlarını geri qaytaracağam” Rəbb belə bəyan edir».