Site uses cookies to provide basic functionality.

OK
MARK
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Prev Up Next Toggle notes
Chapter 16
Mark Northern 16:1  Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.
Mark Northern 16:2  Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.
Mark Northern 16:3  Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»
Mark Northern 16:4  Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.
Mark Northern 16:5  Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.
Mark Northern 16:6  Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.
Mark Northern 16:7  İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».
Mark Northern 16:8  Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
Mark Northern 16:9  İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.
Mark Northern 16:10  Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.
Mark Northern 16:11  Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
Mark Northern 16:12  Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.
Mark Northern 16:13  Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
Mark Northern 16:14  Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.
Mark Northern 16:15  İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
Mark Northern 16:16  İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
Mark Northern 16:17  İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,
Mark Northern 16:18  ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
Mark Northern 16:19  Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.
Mark Northern 16:20  Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.