Site uses cookies to provide basic functionality.

OK
NAHUM
1 2 3
Prev Up Next
Chapter 3
Nahu Northern 3:1  Qanlı şəhərin vay halına! O yalan və soyğunçuluqla doludur, Orada quldurluğun ardı kəsilmir!
Nahu Northern 3:2  Qamçı səsi, təkərlər gurultusu, Çapan atların, yırğalanan döyüş arabalarının sədası!
Nahu Northern 3:3  Süvarilər hücum edir, qılınclar parıldayır, Nizələr bərq vurur, ölənlər yığın-yığın, Cəsədlərin sayı yox, İnsanların ayağı meyitlərə dolaşır!
Nahu Northern 3:4  Millətləri fahişəliyi ilə, Xalqları cadugərliyi ilə satan, cazibəli, Cadugərlikdə mahir fahişə – Ninevanın Hədsiz əxlaqsızlığına görə Bunlar baş verdi.
Nahu Northern 3:5  Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.
Nahu Northern 3:6  Üstünə iyrənc şeyləri atacağam, Səni rüsvay edəcəyəm, Tamaşaya qoyacağam!
Nahu Northern 3:7  Səni görənlərin hamısı səndən qaçıb Belə deyəcək: “Nineva viran qaldı! Onun üçün kim ağlayacaq?” Haradan sənə təsəlli verənləri tapım?»
Nahu Northern 3:8  Axı sənin No-Ammondan nəyin artıqdır? O şəhər çaylar arasında yerləşib Sularla əhatə olunmuşdu, Sipəri dəniz, Qala divarı isə Nil çayı idi.
Nahu Northern 3:9  Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi.
Nahu Northern 3:10  Lakin əsir aparıldı, sürgün oldu, Övladları parça-parça doğrandı, Hər küçə başına atıldı, Adlı-sanlı adamları üçün püşk atdılar, Əyanlarını qandallara saldılar.
Nahu Northern 3:11  Sən də, ey Nineva, sərxoş olacaqsan, Mat-məəttəl qalacaqsan, Düşmənlərin əlindən pənahgah axtaracaqsan.
Nahu Northern 3:12  Bütün istehkamların Əncir ağacının ilk yetişən meyvələri kimidir, Silkələnəndə yeyənin ağzına düşür.
Nahu Northern 3:13  Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
Nahu Northern 3:14  Mühasirə vaxtı üçün özünə su çək, Qalalarını möhkəmləndir, Çamıra gir, palçığı tapda, Kərpic kəsmək üçün qəlib götür!
Nahu Northern 3:15  Orada od səni yeyib-qurtaracaq, Qılınc səni kəsib-qıracaq, Çəyirtkələrin yedikləri əkin kimi yox olacaqsan. Sayını çəyirtkə kimi artır, Özünü qaynaşan çəyirtkə kimi çoxalt!
Nahu Northern 3:16  Tacirlərinin sayı Göylərdəki ulduzlardan çoxdur, Amma düşmənlərin Çəyirtkə kimi ölkəni talan edib uçacaq.
Nahu Northern 3:17  Gözətçilərin çəyirtkə kimi, Məmurların çəyirtkə sürüsü kimidir – Soyuq gündə çəpərlərə yerləşir, Gün doğanda uçub gedir, Getdikləri yer bilinmir.
Nahu Northern 3:18  Ey Aşşur padşahı, Əyanların ölüm yuxusuna gedib, Adlı-sanlı adamların yatıb. Xalqın dağlara səpələnib, Onları bir yerə yığan yoxdur.
Nahu Northern 3:19  Dərdinə dərman yoxdur, yaraların sağalmaz. Barəndə xəbər eşidənlər sevinib əl çalır. Axı sənin bu sonsuz pisliyin kimə dəyməyib?