Site uses cookies to provide basic functionality.

OK
JUDGES
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Prev Up Next
Chapter 2
Judg Northern 2:1  Rəbbin mələyi Qilqaldan Bokimə çıxdı və dedi: «Sizi Mən Misirdən çıxararaq atalarınıza vəd etdiyim torpağa gətirib dedim ki, sizinlə olan əhdimi heç vaxt pozmayacağam.
Judg Northern 2:2  Siz isə bu torpağın əhalisi ilə əhd bağlamayın və onların qurbangahlarını dağıdın. Lakin siz Mənim sözümə qulaq asmadınız. Niyə belə etdiniz?
Judg Northern 2:3  Buna görə də Mən deyirəm: onları qarşınızdan qovmayacağam və onlar sizə əngəl, allahları isə sizə tələ olacaq».
Judg Northern 2:4  Rəbbin mələyi bu sözləri İsrail övladlarına söylədiyi zaman xalq bərkdən ağlamağa başladı.
Judg Northern 2:5  Ona görə də o yerin adına Bokim dedilər və orada Rəbbə qurban təqdim etdilər.
Judg Northern 2:6  Yeşua xalqı yola salan zaman İsrail övladlarından hər biri öz torpaq paylarına sahib olmaq üçün getdi.
Judg Northern 2:7  Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi.
Judg Northern 2:8  Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi.
Judg Northern 2:9  Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsində olan Timnat-Xeres adlı irs olan torpaq sahəsində dəfn etdilər.
Judg Northern 2:10  Yeşua ilə bir dövrdə yaşayan bütün nəsil də ölüb atalarına qovuşdu. Bundan sonra Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi.
Judg Northern 2:11  İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər.
Judg Northern 2:12  Bununla da onları Misir ölkəsindən çıxaran atalarının Allahı Rəbbi atıb başqa allahlara – ətraflarında yaşayan millətlərin allahlarına sitayiş edərək onlara səcdə etdilər. Buna görə də Rəbbi qəzəbləndirdilər.
Judg Northern 2:13  Onlar Rəbbi ataraq Baal və Aştoret bütlərinə qulluq etdilər.
Judg Northern 2:14  Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi. Basqınçılar da onları talan etdilər. Rəbb onları ətraflarındakı düşmənlərə verdi. İsrail övladları isə düşmən qabağında tab gətirə bilmədilər.
Judg Northern 2:15  Harada döyüşdülərsə, Rəbbin onlara dediyi və and içdiyi kimi Rəbbin əli onların əleyhinə qalxdı. Bundan İsraillilər pis vəziyyətə düşüb çox əziyyət çəkdilər.
Judg Northern 2:16  Rəbb İsrail övladlarını talançıların əlindən qurtarmaq üçün hakimlər yetirdi.
Judg Northern 2:17  Lakin onlar hakimlərə də qulaq asmadılar. Başqa allahlara sitayiş etməklə Rəbbə xəyanət etdilər. Rəbbin əmrlərinə itaət edən atalarına bənzəmədilər və tezliklə ata-babaları gedən yoldan azdılar.
Judg Northern 2:18  Rəbb onlar üçün hakimlər yetirdi və Özü də hakimlərlə oldu. Hakimlərin ömrü boyunca Rəbb İsrailliləri düşmənlərin əlindən qurtarırdı. Ona görə ki onları əzənlərin və sıxışdıranların üzündən nalə çəkdikləri zaman Rəbbin xalqa rəhmi gəlirdi.
Judg Northern 2:19  Hər hansı hakim öləndən sonra xalq yenə başqa allahlara sitayiş etməklə, onlara qulluq edib səcdə etməklə atalarından daha betər olurdu. Onlar bu əməllərindən, bu inadkarlıqlarından əl çəkmədi.
Judg Northern 2:20  Ona görə də Rəbbin İsraillilərə qarşı qəzəbi alovlandı və dedi: «Madam ki bu millət Mənim atalarına əmr etdiyim əhdi pozub sözümə qulaq asmadı,
Judg Northern 2:21  Mən də Yeşua vəfat edəndə bu torpaqlarda saxladığı millətlərin heç birini daha onların qarşısından qovmayacağam.
Judg Northern 2:22  Ataları kimi bu yolla gedib-getməyəcəklərini görmək üçün İsrailliləri bu millətlər vasitəsilə sınaqdan keçirəcəyəm».
Judg Northern 2:23  Rəbb bu millətlərin həmin torpaqlarda qalmasına izin verdi. Onları Yeşuaya təslim etməyərək dərhal qovmadı.