Site uses cookies to provide basic functionality.

OK
OBADIAH
Up
1
Toggle notes
Chapter 1
Obad Northern 1:1  Bu, Avdiyaya zühur olan görüntüdür. Xudavənd Rəbb Edom barəsində belə deyir: Biz Rəbdən xəbər eşitdik, Millətlər arasına «Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.
Obad Northern 1:2  «Bax səni millətlər arasında kiçildəcəyəm, Hamı sənə xor baxacaq.
Obad Northern 1:3  Ey sən qaya çatlarında məskən salan, Evini yüksəklərdə quran! Ürəyinin qüruru səni aldatdı, Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.
Obad Northern 1:4  Sən qartal kimi yuxarı uçub Yuvanı ulduzlar arasında qursan da, Səni oradan endirəcəyəm». Rəbb bəyan edir.
Obad Northern 1:5  «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi, Ancaq öz istədikləri qədər oğurlamazdılarmı? Əgər üzüm yığanlar sənin bağına gəlsəydi, Bir neçə salxımı saxlamazdılarmı? Amma gör səni nə cür müsibətlər gözləyir!
Obad Northern 1:6  Esavın hər şeyi talan ediləcək, Gizli xəzinələri aşkara çıxarılacaq.
Obad Northern 1:7  Səninlə əhd bağlayanların hamısı Səni ölkəndən qovacaq, Müttəfiqlərin səni aldadıb məğlub edəcək. Səninlə çörək yeyənlər sənə tələ quracaq, “Onun ağlı haradadır?” deyəcək».
Obad Northern 1:8  Rəbb bəyan edir: «O gün Edomun hikmətli adamlarını, Esav dağındakı müdrikləri məhv edəcəyəm.
Obad Northern 1:9  Ey Teman, igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.
Obad Northern 1:10  Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan.
Obad Northern 1:11  Yadellilər onun sərvətini aparanda Sən uzaqda durub tamaşa etdin. Əcnəbilər onun şəhər darvazalarından girib Yerusəlim üçün püşk atanda Sən də onlardan biri kimi davrandın.
Obad Northern 1:12  Sən gərək Yəhudalı soydaşlarının Bədbəxtlik günündən zövq almayaydın, Həlak olduqları gün sevinməyəydin, O əzablı gündə rişxənd etməyəydin,
Obad Northern 1:13  Xalqımın fəlakətli günündə Onların şəhər darvazalarından girməyəydin, Başlarına bəla gələn gün Onların fəlakətini sevinclə seyr etməyəydin, Başlarına bəla gələn gün Onların malına əl uzatmayaydın!
Obad Northern 1:14  Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün Yol ayrıcında dayanmayaydın, O əzablı gün qurtulanları Düşmənə təslim etməyəydin!
Obad Northern 1:15  Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır, Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək, Əməllərinin əvəzi öz başına gələcək!
Obad Northern 1:16  Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi Bütün xalqlar durmadan içəcək, İçib yox olacaq, Sanki əvvəldən yox idi.
Obad Northern 1:17  Lakin qurtuluş tapanlar Sion dağına toplanacaq, O dağ müqəddəs olacaq. Yaqub nəsli mülkünə sahib olacaq!
Obad Northern 1:18  Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi.
Obad Northern 1:19  Negev sakinləri Esav dağını, Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini, Yəhudalılar Efrayimlə Samariya torpaqlarını, Binyaminlilər isə Gileadı zəbt edəcək.
Obad Northern 1:20  Xalahda olan İsrail sürgünləri Kənanın Sarfata qədər uzanan torpaqlarını, Sefaradda olan Yerusəlim sürgünləri Negev şəhərlərini zəbt edəcək.
Obad Northern 1:21  Xalqı qurtaranlar Sion dağına çıxıb Esav dağına hökm edəcək: Rəbb səltənət sürəcək».