Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next Toggle notes
Chapter 65
Psal Northern 65:1  Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək.
Psal Northern 65:2  Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
Psal Northern 65:3  Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
Psal Northern 65:4  Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
Psal Northern 65:5  Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
Psal Northern 65:6  Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən.
Psal Northern 65:7  Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən.
Psal Northern 65:8  Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
Psal Northern 65:9  Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
Psal Northern 65:10  Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən.
Psal Northern 65:11  Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır,
Psal Northern 65:12  Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür.
Psal Northern 65:13  Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir!