Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next Toggle notes
Chapter 78
Psal Northern 78:1  Ey xalqım, təlimimi dinləyin, Dilimdən çıxan sözləri eşidin.
Psal Northern 78:2  Ağzımı bu məsəllə açıb Keçmişdəki müəmmaları bəyan edəcəyəm.
Psal Northern 78:3  Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib.
Psal Northern 78:4  Bunu onların nəvələrindən gizlətməyəcəyik; Rəbbin həmdə layiq işlərini, Onun qüdrətini, etdiyi xariqələri Gələcək nəsillərə söyləyəcəyik.
Psal Northern 78:5  Rəbb öyüd vermək üçün Yaqub nəslinə – İsrailə bir təlim qoydu. Ata-babalarımıza əmr etdi ki, Bu təlimi övladlarına öyrətsin.
Psal Northern 78:6  Qoy gələcək nəsil də bilsin, Gələcəkdə doğulacaq övladlar da Balalarına bu təlimi verə bilsin.
Psal Northern 78:7  Qoy ümidlərini Allaha bağlasınlar, Allahın işlərini unutmasınlar, Əmrlərini yerinə yetirsinlər.
Psal Northern 78:8  Qoy ata-babaları kimi olmasınlar, Çünki onlar dikbaş, üsyankar bir nəsil idi. Allaha ürəkləri dönük, Könülləri vəfasız idi.
Psal Northern 78:9  Efrayim övladları ox-kamanla silahlandılar, Amma döyüş günü tez geriyə qayıtdılar.
Psal Northern 78:10  Allahın əhdini pozanlar belə etdilər, Sənin qanunlarınla yaşamaq istəmədilər.
Psal Northern 78:11  Allahın işlərini, Göstərdiyi xariqələrini unutdular.
Psal Northern 78:12  Allah Misir torpağında, Soan bölgəsində, Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
Psal Northern 78:13  Dənizi yarıb onları keçirmişdi, Suları divar kimi saxlamışdı.
Psal Northern 78:14  Onlara gündüz buludla, Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
Psal Northern 78:15  Çöldə qayaları yarmışdı, İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
Psal Northern 78:16  Qayadan suları sel kimi çıxarmışdı, Bu suları çaylar kimi axıtmışdı.
Psal Northern 78:17  Amma onlar günah etməyi davam etdirdilər, Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
Psal Northern 78:18  İştahaları artdı, yemək tələb etdilər, Ürəklərində Allahı sınağa çəkdilər.
Psal Northern 78:19  Allahın əleyhinə belə danışdılar: «Məgər Allah çöldə süfrə qura bilər?
Psal Northern 78:20  Nə olsun qayaya vuranda sular axdı, Sellər aşıb-daşdı. Görəsən O, çörək verə bilərmi? Xalqına ət verə bilərmi?»
Psal Northern 78:21  Rəbb bunu eşidərkən qəzəbləndi, Yaquba qarşı alovunu yerə tökdü, İsrailə qarşı hiddəti artdı.
Psal Northern 78:22  Çünki onlar Allaha inanmırdılar, Onun qurtuluşuna arxalanmırdılar.
Psal Northern 78:23  Bununla belə, uca səmaya əmr etdi, Göylərin qapılarını açdırdı.
Psal Northern 78:24  Onlara yemək üçün manna yağdırdı, Göylərin taxılını verdi.
Psal Northern 78:25  İnsan mələklərin çörəyindən yedi, Onlara doyunca yemək verildi.
Psal Northern 78:26  Göylərdə şərq küləyini əsdirdi, Qüdrəti ilə cənub küləyini gətirdi.
Psal Northern 78:27  Başlarına toz kimi ət yağdırdı, Onlara dənizdəki qum qədər quşlar göndərdi.
Psal Northern 78:28  Düşərgələrinin ortasına, Qaldıqları yerin ətrafına səpələdi.
Psal Northern 78:29  Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi.
Psal Northern 78:30  Lakin iştahaları qurtarmamış, Yemək ağızlarında olarkən
Psal Northern 78:31  Allah onlara qarşı hiddətini artırdı, Ətli-canlılarını qırdı, İsrail igidlərini vurub yerə sərdi.
Psal Northern 78:32  Bununla belə, günahlarını davam etdirdilər, Onun xariqələrinə inanmadılar.
Psal Northern 78:33  Buna görə də günlərini puç etdi, Dəhşətlə ömürlərini sona yetirdi.
Psal Northern 78:34  Ölənləri görüb Allahı axtardılar, Geri dönüb Allahı səylə aradılar.
Psal Northern 78:35  Yadlarına düşdü ki, Allah onların Qayası idi, Allah-Taala onların Satınalanı idi.
Psal Northern 78:36  Lakin ağızları ilə Ona yaltaqlanırdılar, Dilləri ilə Ona yalan danışırdılar.
Psal Northern 78:37  Qəlblərində Ona qarşı dönük olmuşdular, Əhdinə vəfasız çıxmışdılar.
Psal Northern 78:38  Allah isə rəhmlidir, günahı bağışlayır, Günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, Hiddətini tamamilə oyanmağa qoymayır.
Psal Northern 78:39  Yada saldı ki, onlar yalnız bəşərdir, Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
Psal Northern 78:40  Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular, Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
Psal Northern 78:41  Allahı dönə-dönə sınadılar, İsrailin Müqəddəsinin xətrinə dəydilər.
Psal Northern 78:42  Xatırlamadılar Onun qüdrətini, Düşməndən azad etdiyi günü,
Psal Northern 78:43  Misirdə göstərdiyi əlamətləri, Soan bölgəsində göstərdiyi möcüzələri.
Psal Northern 78:44  Misirlilər sulardan içə bilməsinlər deyə Suları qana döndərib çaylardan axıtmışdı.
Psal Northern 78:45  Onları göndərdiyi mozalanlara yem etmişdi, Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
Psal Northern 78:46  Əkinlərini tırtıllara, Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
Psal Northern 78:47  Üzümlərini dolu ilə, Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
Psal Northern 78:48  Naxırlarını dolu ilə, Sürülərini şimşəklə qırmışdı.
Psal Northern 78:49  Onların üzərinə qızğın qəzəbini, Hirsini, hiddətini, dərdləri, Bir qoşun ölüm mələklərini tökmüşdü.
Psal Northern 78:50  Qızğın qəzəbinə yol açmışdı, Əsirgəmədən canlarına ölüm vermişdi, Həyatlarına bəla gətirmişdi.
Psal Northern 78:51  Hər Misirlinin ilk oğlunu, Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
Psal Northern 78:52  Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı, Çöldən onları sürü kimi aparmışdı.
Psal Northern 78:53  Onları qorxudan uzaq, asayiş içində aparmışdı, Düşmənləri isə dənizdə qərq olmuşdu.
Psal Northern 78:54  Onları Öz müqəddəs torpağına, Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
Psal Northern 78:55  Onların qarşısından başqa millətləri qovdu, Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.
Psal Northern 78:56  Lakin onlar Allah-Taalanı sınadılar, Ona qarşı üsyankar oldular, Göstərişlərinə əməl etmədilər.
Psal Northern 78:57  Ataları kimi dönüklük və xəyanət etdilər, Xarab kamandan atılan ox kimi əyri getdilər.
Psal Northern 78:58  Onu səcdəgahları ilə qəzəbləndirdilər, Onu yonma bütləri ilə qısqandırdılar.
Psal Northern 78:59  Bunları eşidən Allah çox hiddətləndi, İsraili tamamilə rədd etdi.
Psal Northern 78:60  İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi.
Psal Northern 78:61  Qüdrətini əsarətə, Şərəfini düşmən əlinə təslim etdi.
Psal Northern 78:62  Öz xalqını qılıncdan keçirtdi, Öz irsini qəzəbinə düçar etdi.
Psal Northern 78:63  İgidləri alov uddu, Nişanlı qızlara toy çalınmadı.
Psal Northern 78:64  Kahinləri qılınclarla qırıldı, Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.
Psal Northern 78:65  O zaman Xudavənd yuxulu insan kimi oyandı, Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
Psal Northern 78:66  Düşmənlərini vuraraq geri atdı, Əbədi olaraq onları rüsvay etdi.
Psal Northern 78:67  Yusifin nəslini rədd etdi, Efrayim qəbiləsini seçmədi.
Psal Northern 78:68  Yəhuda qəbiləsini, Sevdiyi Sion dağını seçdi.
Psal Northern 78:69  Öz Müqəddəs məkanını səma kimi, Əbədi qurduğu dünya kimi tikdi.
Psal Northern 78:70  Çoban olan qulu Davudu seçdi, Onu qoyun ağıllarından götürdü.
Psal Northern 78:71  Əmlik quzuların qayğısına qalanı gətirdi, Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
Psal Northern 78:72  Davud onları kamil ürəklə otardı, Əlindən gələn məharətlə onları irəli apardı.