Site uses cookies to provide basic functionality.

OK
PSALMS
Prev Up Next Toggle notes
Chapter 51
Psal Northern 51:1  Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Psal Northern 51:2  Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
Psal Northern 51:3  Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
Psal Northern 51:4  Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
Psal Northern 51:5  Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Psal Northern 51:6  Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Psal Northern 51:7  Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum.
Psal Northern 51:8  Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın.
Psal Northern 51:9  Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil.
Psal Northern 51:10  Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver.
Psal Northern 51:11  Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə.
Psal Northern 51:12  Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol.
Psal Northern 51:13  Qoy Sənin yollarını qanunsuzlara öyrədim, Günahkarlar Sənə sarı dönsünlər.
Psal Northern 51:14  Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin.
Psal Northern 51:15  Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
Psal Northern 51:16  Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan,
Psal Northern 51:17  Allaha məqbul olan qurban sınmış ruhdur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!
Psal Northern 51:18  Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et.
Psal Northern 51:19  Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.