Site uses cookies to provide basic functionality.

OK
DANIEL
1 2 3 4 5 6 7 8 9 10 11 12
Prev Up Next Toggle notes
Chapter 5
Dani Northern 5:1  Padşah Belşassar min nəfər əyanı üçün böyük bir ziyafət qurdu və onlarla şərab içdi.
Dani Northern 5:2  Belşassar şərab içərkən əmr etdi ki, babası Navuxodonosorun Yerusəlimdəki məbəddən çıxardığı qızıl və gümüş qabları gətirsinlər və padşah, əyanları, arvadları və cariyələri onlarla şərab içsin.
Dani Northern 5:3  Onda məbəddən – Allahın Yerusəlimdə olan evindən çıxarılmış qızıl qablar gətirildi. Padşah, əyanları, arvadları və cariyələri bunlarla şərab içməyə başladı.
Dani Northern 5:4  Onlar şərab içərək qızıl, gümüş, tunc, dəmir, ağac və daş allahlara həmd etdi.
Dani Northern 5:5  Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü.
Dani Northern 5:6  Onda padşahın bənizi soldu və düşüncələri onu vahiməyə saldı. Belinin əzələləri zəiflədi və dizləri bir-birinə dəyməyə başladı.
Dani Northern 5:7  Padşah ucadan qışqırdı ki, ovsunçuları, Xaldeyli müdrikləri və falçıları gətirsinlər. Gələn Babil müdriklərinə padşah belə dedi: «Kim bu yazılanı mənə oxuyub mənasını izah etsə, ona qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaq».
Dani Northern 5:8  Padşahın bütün müdrikləri içəri girdi, ancaq yazılanı nə oxuya, nə də mənasını padşaha izah edə bildilər.
Dani Northern 5:9  Onda padşah Belşassar daha da vahiməyə düşdü və bənizi soldu, əyanları da heyrətə düşdü.
Dani Northern 5:10  Mələkə padşahın və əyanlarının sözlərini eşidib ziyafət otağına gəldi. Mələkə belə dedi: «Qoy padşah həmişə sağ olsun, fikirlərin səni vahiməyə salmasın, bənizin də solmasın.
Dani Northern 5:11  Sənin padşahlığında müqəddəs allahların ruhuna malik olan bir adam var. Sənin babanın dövründə o, nuraniliyə, dərrakəyə və allahların müdrikliyi qədər müdrikliyə malik olması ilə tanınırdı. Baban padşah Navuxodonosorun özü onu sehrbazların, ruhçağıranların, Xaldeyli müdriklərin və əlamət baxıcılarının başçısı qoymuşdu.
Dani Northern 5:12  Çünki padşahın Belteşassar adlandırdığı bu adam – Daniel iti ağla, biliyə, dərrakəyə, yuxuları yozmaq, müəmmaları açmaq və çətinlikləri həll etmək qabiliyyətinə malik olması ilə tanınmışdı. İndi qoy Danieli çağırsınlar, o sənə bunun mənasını izah edəcək».
Dani Northern 5:13  Onda Danieli padşahın hüzuruna gətirdilər və padşah ondan soruşdu: «Padşah babamın Yəhudadan sürgün edərək gətirdiyi Yəhudalılardan olan Daniel sənsənmi?
Dani Northern 5:14  Mən sənin barəndə eşitmişəm ki, səndə allahların ruhu var, nuranilik, dərrakə və böyük müdriklik sahibisən.
Dani Northern 5:15  Budur, hüzuruma müdriklər və ovsunçular gətirildi ki, bu yazılanı oxuyub mənasını mənə açsınlar, ancaq onlar bunu mənə izah edə bilmədi.
Dani Northern 5:16  Sənin barəndə isə eşitmişəm ki, yozum verib çətinlikləri həll edə bilirsən. Əgər indi bu yazılanı oxuyub mənasını izah edə bilsən, sənə qırmızı libas geyindiriləcək, boynuna qızıl zəncir asılacaq və padşahlıqda üçüncü adam olacaqsan».
Dani Northern 5:17  Onda Daniel padşaha cavab verdi: «Qoy hədiyyələrin özünə qalsın, mükafatlarını da başqasına ver. Yazılanı isə mən padşaha oxuyub mənasını izah edə bilərəm.
Dani Northern 5:18  Ey padşah! Allah-Taala sənin baban Navuxodonosora padşahlıq, əzəmət, izzət və cah-calal vermişdi.
Dani Northern 5:19  Allahın ona verdiyi əzəmətə görə bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ondan qorxub əsirdi. O istədiyi adamı öldürər, istədiyi adamı sağ buraxardı, istədiyi adamı yüksəldər, istədiyi adamı alçaldardı.
Dani Northern 5:20  Ancaq ürəyi qürurlanıb inadkar olanda padşahlıq taxtından salındı və izzəti əlindən alındı.
Dani Northern 5:21  O, insanlar arasından qovuldu, ağlı heyvan ağlına çevrildi və vəhşi eşşəklərlə yaşamağa başladı. Ona öküz kimi ot yedirirdilər, bədəni göylərin şehi ilə islanırdı. Nəhayət, dərk etdi ki, Allah-Taala insan padşahlıqları üzərində hökmranlıq edir və kimi istəyirsə, onlara başçı qoyur.
Dani Northern 5:22  Sən – onun övladı Belşassar da bütün bunları bildiyin halda itaətkarlıq etmədin,
Dani Northern 5:23  əksinə, göylərin Rəbbinə qarşı qürurlandın. Onun məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin.
Dani Northern 5:24  Buna görə də Onun tərəfindən bir əl göndərilib bu sözləri yazdı.
Dani Northern 5:25  Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin.
Dani Northern 5:26  Sözlərin mənası isə budur: Mene – Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu;
Dani Northern 5:27  Teqel – sən tərəzidə çəkildin və yüngül olduğun bilindi;
Dani Northern 5:28  Peres – sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi».
Dani Northern 5:29  Onda Belşassarın əmri ilə Danielə qırmızı libas geyindirdilər, boynuna qızıl zəncir asdılar və o, padşahlıqda üçüncü adam elan olundu.
Dani Northern 5:30  Həmin gecə Xaldey padşahı Belşassar öldürüldü.
Dani Northern 5:31  Altmış iki yaşlı Midiyalı Dara hakimiyyəti əlinə aldı.