Site uses cookies to provide basic functionality.

OK
II SAMUEL
Prev Up Next Toggle notes
Chapter 24
II S Northern 24:1  İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi.
II S Northern 24:2  Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim».
II S Northern 24:3  Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?»
II S Northern 24:4  Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı.
II S Northern 24:5  İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular.
II S Northern 24:6  Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar.
II S Northern 24:7  Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər.
II S Northern 24:8  Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar.
II S Northern 24:9  Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.
II S Northern 24:10  Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm».
II S Northern 24:11  Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi:
II S Northern 24:12  «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”».
II S Northern 24:13  Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?»
II S Northern 24:14  Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».
II S Northern 24:15  Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü.
II S Northern 24:16  Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi.
II S Northern 24:17  Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».
II S Northern 24:18  O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt».
II S Northern 24:19  Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı.
II S Northern 24:20  Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi:
II S Northern 24:21  «Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın».
II S Northern 24:22  Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları.
II S Northern 24:23  Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun».
II S Northern 24:24  Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı.
II S Northern 24:25  Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.